Mədəniyyət

Salam Ata evim

Salam Ata evimbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salam, ata evim, nə soruşum ki,

Bilirəm, soruşsam sıxılacaqsan.
Allaha söykənib durmusan sanki,
Kəpənək otursa yıxılacaqsan.

Xəlbirin hərlənib, qalıb ələyin,
Ağrını göz tutmur, yanaq götürmür.
Sənin divarların, mənim ürəyim,
Elə çatlayıb ki, yamaq götürmür.

Səni sevə-sevə hörüb tikmişik,
Palçığın, kərpicin əlimdən çıxıb.
Bizi qoruduqca bu ev, bu eşik,
Min yol diri gözlü ölümdən çıxıb.

Atamın əlinin duzu dad verıb,
Halal bərəkəti gözlərə işıq.
Anamın duası qol-qanad verib,
Hərəmiz bir yurda pərvazlanmışıq.

Doğrudanmı bizə qıyacaq zaman,
Dünyagörmüş evim, ağlın nə kəsir?
Adi bir küləkdən yırğalanırsan,
Nanə yarpağı tək divarın əsir…

Qardaşın,- dedilər, bilməyəydim kaş,
Təzə ev tikibdi, səni sökəcək.
Axı necə deyim, sökmə, a qardaş,
Səninlə bərabər dünyam çökəcək …

Mən səni bilirəm, sən mən çəkəni,
Dindirmə, nə olar, ağlayacağam.
İçində yaşadan evim, mən səni,
Ölüncə içimdə saxlayacağam…

…Nahaq yada saldım ötüb keçəni,
Məni tez udacaq bəlkə bu torpaq?
Sağ ol, ata evim, bağışla məni,
Bəlkə görüşmədik, gəl vidalaşaq…

Məmməd Qədir