“Bizdə elə bir təsəvvür formalaşıb ki, sanki müharibə bitib. Amma əslində müharibə yekunlaşmayıb. Apardığımız mübarizə sadəcə bir mərhələdir. Ondan sonrakı dövrdə təbii ki, bu toqquşmalar hələ hansısa sülh sənədi olana qədər davam edəcək. Ona görə də, hazır olmalıyıq. Cəmiyyət olaraq hazır olmalıyıq. Ola bilsin ki, aktiv döyüş prosesi getmir, amma bütün hallarda buna hazır olmalıyıq və öz mövqeyimizi də ifadə etməliyik. Çünki Azərbaycanın başqa yolu yoxdur”.
Bu sözləri Redaktor.az-a ermənilərin sərhəddə genişmiqyaslı təxribatları barədə danışan Milli Məclisin deputatı Fazil Mustafa dedi. O qeyd etdi ki, düşmənə zərbə vurulursa, itkilərin olması qaçılmazdır.
“Bu torpaqları azad edərək təhlükəsizliyi təmin etmək təbii ki, itkilər bahasına başa gəlir. Amma itkilər olacaq deyə bu böyük missiyanı dayandıra bilmərik. Şəhidlərimizin olması çox ağırdır, acıdır. 50 şəhid çox böyük bir rəqəmdir. Amma düşmənə bu zərbəni vururuqsa, bu, bir müddət davam edəcək. Elə etməliyik ki, əsas mövqelər əlimizdə qalsın. Şəhid vermək istəmiriksə, torpağı verməliyik, yox əgər torpağı vermək istəmiriksə, onda mütləq şəhid verməliyik. Bunun başqa alternativi yoxdur. Lakin çalışmalıyıq ki, itkilərimiz az olsun, Azərbaycan ordusu daha çox mövqelərdə möhkəmlənə bilsin. Bu gün əsas ağırlıq ordumuzun çiynindədir”, – deyə millət vəkili bildirdi.
Follow @7timesaz