“Dost itkisi çox ağır olur. Səyyadın ölüm xəbərini gecə aldım və dəhşətli dərəcədə təsirləndim. Qardaşı Səccada da zəng edə bilmədim, bildim ki, hönkürüb o, da, mən də ağlayacam. Sadəcə olaraq mesaj yazdım ki, dərdinizə şərik oluram. Səyyad mənim üçün doğmaların doğması idi, o, Füzuli rayonunda anadan olub, mən isə Ucar rayonunda. Amma bizi birləşdirən əqidə, sənət birliyi idi, daha doğrusu müsbət arzuların təcəssümü idi. Naqis fikirlər ondan da, məndən də uzaq idi”
7Times.az xəbər verir ki,bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ağalar Bayramov dostu, müğənni Səyyad Əlizadənin qəfil ölümü haqda danışarkən deyib:
“Səyyad çox yaradıcı insan idi. Mənim günüm onun studiyasında keçib. 30-35 ilə kimi münasibətlərimiz olub, 10-15 ildə isə yaradıcılıq əlaqələrimiz daha çox genişlənmişdi. Bütün peşə sahələrində ləyaqətini, şəxsiyyətini qoruyan insanlar var, həmçinin ləyaqətini ayaqlar altına atan insanlar da var. Səyyad sənətkarlar içində öz peşəsinin vurğunu olmaqla bərabər həmişə ləyaqətini, şəxsiyyətini gözləyən adam olub. Yəni harasa özünü dürtsün, nəyisə əldə etmək üçün yalmansın kimi hərəkətləri onda görmədim. Bir vəzifə adamının qabağına qaçsın, özünü şirin satsın, belə hərəkətlər onda yox idi. Amma bunu başqa adamlarda çox görmüşəm. Mənə ona bağlayan həm də gözəl sənəti ilə bərabər, onun ləyaqətli ömür sürməsi idi.
Biz hamımız ölüb gedəcəyik, kim qalır ki? Sadəcə olaraq vaxtsız ölüm məni kədərləndirir. Adətən yas yerlərində deyirlər ki, “axırıncı qəmin olsun”, bu çox axmaq sözdür. Gəlirik-gedirik, İsa Peyğəmbər deyirdi ki, “bu dünya bizim görüş yerimizdir”. Baxırsan ki, birinin 80-90 yaşı var və onun haqqında nekroloq yazırlar ki, Azərbaycan incəsənətinə ağır itki üz vermişdir. Amma mənim zəhləm gedir bu sözdən. Nə qədər yaşayacaqdı ki?! Sadəcə olaraq demək lazım idi ki, Allah rəhmət eləsin. Amma vaxtsız ölümlərdə insan kədərlənir, ona baxış təmiz başqadır. Səyyad da elə qardaşlardan idi. Onun ölümü məni çox ağrıtdı.
Səyyadla müharibə başlayanda cəbhə bölgələrində olmuşam. Vətənpərvərlik mövzusunda çox mahnılar yazdı, mən də şeirləri səsləndiridim. Bizim Milli Qəhrəman İbad Hüseynov haqqında yazılan şeirlərin çoxuna mahnılar hazırladı. İbad mən və Səyyad oktyabrın 18-də cəbhə bölgəsində bir kənddə onun doğum gününü keçirdik. Səyyadla mən Beyləqanda, Ağcabədidə olduq. Harda vətən sədası var idisə, Səyyad Əlizadə orda idi. Səyyada Allah sevgisini salmışdı ona görə o, xalq tərəfindən sevilirdi, bu sevgini qazanmışdı. Onun ailəsinə, Səyyadsevərlərə baş sağlığı verirəm.
Bir şeyə yanıb yaxılıram. Gecəylə Səyyadın studiyasında işləyən Əbülfəz adlı oğlana zəng vurub dedim ki, sabah dəfn harda olacaqsa, mənə xəbər ver. Əbülfəzdən xəbər gözləyirdim cavab vermədi. Amma bu gün zəng vurub öyrəndim ki, artıq yola düşüblər Füzuliyə gedirlər. Mən də onu danladım ki, niyə mənə demədin? Dedi ki, bağışlayın, başımı itirmişəm. Sonra İbad Hüseynova zəng vurdum və o, da dedi ki, İmişlini keçirik, gecdir. Mən də məcbur olub qardaşı Səccada zəng vurub baş sağlığı verdim. Bir ona yanıb yaxılıram. İnşallah gedib Səyyadın yatdığı torpağı öpməliyəm.
Səyyad sənin həyat yolun qısa oldu ömrün kimi,
Sən ömrünün erkən çağı tərk eylədin bu aləmi.
Balaların səhər axşam səni deyib, səni anır,
Can yoldaşın bu möhnətə dözə bilmir, alovlanır,
Vaxtsız getdin, əziz qardaş, qayıtmağın bilinməzdir,
Sinəmizə bir dağ çəkdin, ömür boyu silinməzdir.
Ruhun qarşısında baş əyirəm, Səyyad. Allah sənə rəhmət eləsin!”
Follow @7timesaz