Şimali Koreya Rusiyaya heç bir silah-sursat ixrac edilmədiyini və belə bir planının olmadığını açıqlayıb.
7Times.az bildirir ki, bu barədə Milli Müdafiə Nazirliyinin Avadanlıq Bürosunun baş direktor müavini tərəfindən dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) yazılı açıqlama verilib. Sözügedən mətndə bunlar qeyd olunub:
“Son zamanlar ABŞ və digər düşmən dövlətlər Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu qeyd edərək Rusiya ilə silah müqaviləsi bağladıqları barədə şayiələr yayır. Bu iddialar doğru deyil. Biz Rusiyaya heç vaxt silah və sursat ixrac etməmişik, ixrac etməyi də planlaşdırmırıq. ABŞ-ın şayiəsinin haradan qaynaqlandığı bəlli deyil, lakin şayiələr ölkəmizin imicinə xələl gətirmək məqsədi daşıyır”.
Bəyanatda bildirilib ki, təkcə hərbi texnikanın inkişafı, istehsalı və saxlanması deyil, həm də hərbi texnikanın ixracı və idxalı suveren dövlətə xas olan qanuni hüquqlardır və heç kim bunu tənqid edə bilməz. Həmçinin vurğulanıb ki, Pxenyan BMT Təhlükəsizlik Şurasının ABŞ və ona bağlı qüvvələrin hazırladığı qeyri-qanuni sanksiya qərarlarını heç vaxt tanımayıb.
“Biz ABŞ-ı ölkəmizlə bağlı ehtiyatsız bəyanatlar verməyi dayandırmaq və ağzını bağlı tutmaq barədə xəbərdarlıq edirik”, – deyə mətndə qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ mətbuatı Rusiyanın Şimali Koreyadan top mərmiləri və raketlər aldığını və bunun Ukraynaya qarşı istifadə ediləcəyini iddia etmişdi.
Follow @7timesaz