Mədəniyyət

Şuşada daha bir festival keçiriləcək – AÇIQLAMA

Şuşada daha bir festival keçiriləcək – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağın mədəniyyət paytaxtı olan Şuşada kulinariya festivalı keçiriləcək. Festivala dünyanın müxtəlif ölkələrindən kulinarların dəvət olunmasıda nəzərdə tutulur.

7times.az xəbər verir ki, bu barədə Modern.az-a məlumat verən Azərbaycan Milli Kulinariya Assosiasiyasının baş direktoru Tahir Əmiraslanov festival haqqında danışıb.

“Biz döyüş başlayan gündən cəbhə xəttində idik. Şuşa azad edilən günün səhəri orada 3 bayraq var idi. Azərbaycan, Türkiyə və Milli Kulinariya Assosasiyasının bayrağı. Bu bizim üçün fəxrdir. Müharibə bitdikdən sonra da azad olunmuş ərazilərə müəyyən səfərlərimiz oldu. Lakin hələ ki Şuşaya səfərimiz baş tutmayıb.

COVID-19 pandemiyası və digər məsələlərə görə müəyyən problemlər var. Festivalla bağlı Prezident Administrasiyasına  müraciət etmişik, Dövlət Turizm Agentliyində də müzakirələr aparılır, cavab gözləyirik. Ehtimal var ki, tədbir avqust ayında keçirilsin. Şuşa alınmazdan hələ 15 gün öncə festival keçiriləcəyini elan etmişdik. Hətta Rusiya kanallarından birində yayımlanan verilişdə də festivalın keçiriləcəyi bildirilmişdi”.

T.Əmiraslanov deyib ki, o zaman festivalın keçiriləcəyi elan edildikdə 19 ölkədən kulinarlar gəlmək istədiklərini bildirmişdilər. İndi dəvətnamə göndərilməsini gözləyirlər.

“Festivalda ordumuz da iştirak edəcək. Artıq onlarla razılıq əldə olunub. Böyük bir festival olacaq və çox güclü hazırlıqlar gedir”.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Şuşada planlaşdırılan festivalın açıq havada keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, tədbirdə Qarabağın rayonları da ayrı-ayrılıqda iştirak edəcək.

“Biz bu günə qədər keçirilən festivallarımızda Qarabağın bütün rayonlarının iştirakını təmin etmişik. Festivallar zamanı Qarabağ mətbəxinin assimilyasiya olunmasının qarşısını alırdıq. İşğal zamanı qarabağlıların bir hissəsi Şəkiyə, bir hissəsi Lənkərana, Gəncəyə, Bakıya və başqa yerlərə köçürülüb. Həmin insanlar Qarabağ mətbəxinin əslini itirə bilərdilər. Biz bu səbəbdən Qarabağ mətbəxinin regionlar üzrə nümayişini saxlayırdıq və yadda qalırdı. Hətta “Qarabağ mətbəxi” kitabı da nəşr etmişik”.

T.Əmiraslanov deyir ki, bu cür tədbirlər sayəsində milli mətbəx brendlərini qoruyub saxlamaq mümkün olub.

“Bu günə qədər keçirilən bütün festivallarda yalnız Qarabağ mətbəxi deyil, milli geyimlərimizi, musiqimizi, rəqslərimizi də nümayiş etdirmişik. Qarabağa  yalnız əhali deyil, oranın mədəniyyətini, milli-mənəvi dəyərlərini də qaytaracağıq”.

T.Əmiraslanov onu da bildirib ki, “Qarabağ mətbəxi” kitabı xarici dillərdə çap olunacaq:

“Kitab üzərində işlər gedir. “Qarabağ mətbəxi” kitabını kulinariya kitabı səviyyəsinə qaldırıb xarici dillərdə çap etdirəcəyik”.