Ölkə

Təhsilin bəlası, Əmrullayevin malası

Təhsilin bəlası, Əmrullayevin malasıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son illər (təkcə son illərmi?) məktəblərdə tez-tez müxtəlif insidentlər haqda məlumatlar yayılır. Media və sosial şəbəkələrdə bu xəbərlərə əlavə olunan foto, videogörüntü və səs yazılarının göz önündə açdığı mənzərə çox acınacaqlı, məktəb kriminalı isə çoxçeşidlidir.
Nə yazıqlar ki, məktəblərimizdə saçyolduya çıxanlar da var, sinif yoldaşını bıçaqlayanlar da. Zəif, sakit sinif yoldaşını əzişdirənlər də var, müəllimə əl qaldırıb təpik atanlar da. Siqaret çəkəni də var, patı qəbul edib başqalarını buna sövq edəni də. Qızlara qarşı fiziki zorakılıq da var, cinsi təzavüz də… Bu, hələ tam siyahı deyil. Əminəm ki, hər biriniz bu siyahıya xeyli belə qara-qura əməllər əlavə edə bilərsiniz…

Hərdən bütün bunlara inanmaq istəmirsən. Düşünür və ağlına sığışdıra bilmirsən. Deyirsən, yahu, bunlar bizim məktəblərdə baş verə bilməz! İnanmaq istəyirsən ki, hər şey yaxşıdır: şagirdlərimiz çalışır, yerli və beynəlxalq olimpiadalarda yer tutur, qızıl medallar qazanır, hər il keçirilən imtahanlarda topladıqları balların sayı artır, nüfuzlu xarici universitetlərə qəbul olunanlarımız ilbəil çoxalır və s.
Təhsil Nazirliyi yetkililərinin, məktəb direktorlarının, hüquq-mühafizə orqanlarının, nə bilim, İctimai Şura üzvlərinin hər dəfə belə hadisələrdən sonra verdiyi açıqlamalar da sənə toxdaqlıq verir. Deyirlər, hadisə belə olmayıb, ya da deyirlər, ümumiyyətlə, belə hadisə olmayıb. “Şişirdilib, yalandır, bilərəkdən ajiotaj yaradırlar, dedi-qodudur, əbəs yerə səs-küy salırlar” və sair və ilaxır…
Ay-hay! Sən bu açıqlamaların ilıqlıq gətirdiyi qafanda şirin xəyallara davam edərkən, birdən yenidən səs-küy, toz-tozanaq qopur: ey-vah, filan şagirdin başını partladıblar, filan məktəbdə şagirdi bıçaqlayıblar, filan məktəbin ayaqyolunda biabırçılıq baş verib və s…
Gəlin, elə son 3 gündə Bakının 3 məktəbində baş verənlərə qısa nəzər salaq:
1.Noyabrın 24-də 75 nömrəli məktəbdə bıçaqlanma hadisəsi baş verib. Bu hadisə ilə bağlı yayılan rəsmi açıqlamada deyilir:
“7-ci sinifdə təhsil alan 2 şagird arasında (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) tənəffüs vaxtı mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb. Məktəb rəhbərliyi dərhal məsələyə müdaxilə edib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb.
Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər”.
Diqqət etdinizsə, rəsmi məlumatda bıçaq “naməlum əşya”, bıçaq yarası isə “cızıq” oldu. İnandırıcıdırmı? Bu məsələyə sonra qayıdacağıq.
2.Noyabrın 26-da yayılan digər bir xəbər isə Suraxanı rayonundakı 89 nömrəli tam orta məktəbdə şagirdin ayaqyolunda zorakılığa məruz qalması barədə idi. Məktəbdən verilən rəsmi açıqlamada isə deyilirdi:
“VII sinifdə təhsil alan məktəbli qız direktor müavininə yaxınlaşaraq iki sinif yoldaşı ilə birgə 5-ci dərsdən sonra ayaqyolunda olduğunu və onlar getdikdən sonra təzyiqə məruz qaldığını iddia edib. Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız “mənim işim var” deyərək onları yola salıb. Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. Valideyn də məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn evdən övladının gizlətdiyi kəsici alət tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib”.
Vallah, bu da araşdırma və rəsmi açıqlamadan çox nənənin nağılına bənzəyir. İntihar etmək, yaxud özünə xəsarət yetirmək istəyən adam ya özünü asır, ya hündürlükdən tullanır, ya da dərman və ya zəhər içir. Qolunda yanıq izinə bənzəyən yara açmaq razılaşın ki, intihar cəhdi deyil. Bəs, şagird niyə özünə belə xəsarət yetirib? Onu buna kim və ya nə təhrik edib? Yenə bir sürü suallar…
3.Noyabrın 26-da daha bir neqativ xəbər Ramanadaki 90 nömrəli orta məktəbdən gəldi. İkinci sinif şagirdi olan qızın döyüldüyü bildirilirdi. Yayılan görüntü dəhşətli idi. Aldığı zərbədən uşağın gözü tamam şişib qaralmışdı. Hadisə ayın 7-də baş versə də, mediaya dünən sızmışdı.
Verilən rəsmi açıqlamada bildirildi ki, məktəbin 2F sinfinin şagirdi qaçarkən başqa uşaqla toqquşub.
Bu, inandırıcı idi. Çünki yayılan fotolardan azyaşlının digər gözünün altının qaraldığı da görünürdü ki, belə xəsarət adətən, toqquşma zamanı olur. Amma bu, sinif rəhbərini, məktəb rəhbərliyini məsuliyyətdən azad edirmi? Allah eləməmiş, uşaq həmin xəsarətdən şikəst olsaydı, onda necə olacaqdı?
Digər sualları isə xəsarət alan uçağın anası ünvanlamışdı: Əgər, belədirsə, onda niyə digər uşaq heç bir xəsarət almayıb? Əgər, bu təsadüfi haldırsa, onda niyə direktor məsələni maddiyyətlə həll etmək istəyirdi? Suallar düşündürücüdür, eləmi?
Bu hadisələr nəyə dəlalət edir? Birincisi, hər il çoxlu belə insidentlər baş versə də, vəziyyət nəinki yaxşılığa doğru dəyişmir, hətta daha da pisləşir. Məktəblərdə təhsilin səviyyəsi bir yana, nizam-intizam da olduqca aşağıdır.
İkincisi, Təhsil Nazirliyi bu kimi hallara münasibətdə köhnə ənənəsindən əl çəkə bilmir: Problemlərin üzərinə getmək, səbəbləri müəyyən etmək, onların aradan qaldırılması üçün tədbir görmək əvəzinə yuxarıdan aşağıya bütün təhsil strukturu malaya qurşanır. Bıçaq olur “naməlum əşya”, bıçaq yarası “cızıq”, şagirdin şagirdi döyməsi isə “zarafat”. Zarafat edən sizsiz, cənablar. Özü də çox şit zarafat! Sizin bu zaraflarınız yeni-yeni təhlükələrə yol açır, valideynələrə, şagirdlərə baha başa gəlir. Balaların başına gələn bəlaları malalamaq yetməzmi? Bəlkə malanı yerə, papağınızı isə qarşınıza qoyub, bu insidentlərin qarşısını almaq haqda düşünəsiz?
Baku Post