Bildiyimiz kimi, bu il Türkiyədə növbəti president seçkiləri keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb. Türkiyə Cümhuriyyətində cərəyan edən siyasi proseslər həmişə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olub. Təbii ki, qarşıdan gələn president seçkiləri də Azərbaycan ictimaiyyətinin, xüsusiılə də politoloq və siyasi partiya liderlərinin diqqət mərkəzindədir.
Seçkilərin nəticələri Türkiyə Azərbaycan münasibətlərinə necə təsir göstərəcək? Türkiyədə hakimiyyət dəyişərsə, yeni iqtidar Azərbaycanın yanında olacaqamı?
Azərbaycan, eləcə də Türkiyə mediasında müzakirə olunan mövzuyla bağlı politoloq Məhəmməd Əsədullazadə 7Times.az-a açıqlama verib: “Türkiyə Azərbaycan münasibətləri təkcə hakimiyyətlərası münasibətlər deyil. Bu münasibətlər iki xalq arasında təbii müttəfiqlik və qardaşlıq prinsiplərinə söykənir. Hələ 1918-ci ildə Osmanlı dövründə Türkiyə Azərbaycana ciddi dəstək verib, Azərbaycanda Demokratik Xalq Cümhuriyyətinin yaranmasında mühüm rol oynayıb və Azərbaycan dövlətini qoruyub. Hətta sovetlər dönəmində də Türkyə cümhuriyyətinin Azərbaycana qarşı ciddi marağı olub. Türkiyə prezidentləri və baş nazirləri dəfələrlə Azərbaycana səfər ediblər və ölkəmizlə əlaqələri daim qoruyub saxlayıblar. Həmçinin Naxçıvanın Ermənistana verilməməsində də Türkiyə ciddi mövqe ortaya qoyib. 1991-ci ildə, Birinci Qarabağ müharibəsində, müəyyən səbəblərə görə Türkiyə Azərbaycana yardım edə bilmədi. Bunun obyektiv və sybyektiv səbəbləri vardı. O zaman Türkiyə NATO üzvü olaraq ABŞ-dan çox asılı idi. Amma Türkiyə dövləti Ermənistanla bütün əlaqələrini kəsdi və adıçəkilən ölkəyə iqtisadi sanksiyalar tətbiq etdi. Rəcəb Təyyib Ərdoğanın hakimiyyəti dövründə dövlətlərimiz arasında münasibətlər daha da yüksələn xətlə inkişaf etdi, Azərbaycan və Türkiyə tarixi üçün böyük əhəmiyyətə malik Şuşa Bəyannaməsi imzalandı. Düşünürəm ki, növbəti president seçkiləri cənab Ərdoğanın xeyrinə sonuclanacaq. Amma Ərdoğan hakimkyyətdən gedəcəyi təqdirdə belə Türkiyə Azərbaycan əlaqələrinin zəifləyəcəyini zənn etmirəm. Xüsusiıə də rəsmi Ankara tərəfdən. Çünki artıq şərtlər əvvəlki kimi deyil. Yeni geosiyasi şərtlər formalaşıb. Regionda söz sahibi olan Türkiyə artıq dünya gücünə çevrilir. İstər CHP, istərsə də İYİ Partiyanın hakimiyyətə gəlişinin ölkələrimiz arasındakı münasibətlərin dəyişməsinə səbəb olacağını düşünmürəm. İnanıram ki, istənilən halda Türkiyə Azərbaycan münasibətləri yüksək səviyyədə davam edəcək. Bir daha vurğulamaq istəyirəm ki, ölkələrimiz arasındakı əlaqələr təkcə hakimiyyətlərarası əlaqələr deyil, iki xalq arasındakı dostluq, qardaşlıq münasibətləridir”.
Rübabə SƏMƏNDƏR
7times.az
Follow @7timesaz