NATO müttəfiqlərindən “F-16” qırıcılarının ilk kiçik partiyası Ukraynaya çatdırılıb.
7Times.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, son aylarda Qərb ölkələrində təlim keçən ukraynalı pilotların dərhal döyüş təyyarələrindən istifadəyə başlaya biləcəkləri və ya prosesin daha uzun çəkəcəyi hələlik bəlli deyil.
Agentlik “F-16”ları Kiyevə göndərən ölkələrin adını və qırıcıların sayını açıqlamayıb, lakin eyni zamanda onların verilməsini “çoxdan gözlənilən addım” kimi dəyərləndirib.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrinin Kiyevə vəd etdiyi “F-16”ları hələ də göndərmədiyini bildirmişdi. İyulun 10-da Ağ Evin mətbuat xidməti Danimarka, Niderland və ABŞ liderlərinin Ukraynaya “F-16” qırıcılarının verilməsi planları barədə birgə bəyanat yayıb. ABŞ Prezidenti Co Bayden NATO müttəfiqlərinin ukraynalı pilotların artıq bu yaydan “F-16”lardan istifadə etməsini təmin etmək üçün çalışdıqlarını söyləyib.