İtaliyanın Baş naziri Giorgia Meloni və Ukrayna Prezidenti Volodimir Zelenski Romada “Qələbə planı”nı müzakirə ediblər.
7Times.az bildirir ki, Avropa turu çərçivəsində əvvəlcə Londonda, daha sonra Parisdə görüşlər keçirən və Romaya gələn Zelenski tarixi “Villa Pamphili” iqamətgahında rəsmi mərasimlə Meloni tərəfindən qarşılanıb. Görüşdən sonra kameralar qarşısına keçən iki lider gecə saatlarında mətbuata açıqlama verib.
Ev sahibi İtaliyanın Baş naziri Meloni savaşda Kiyevə verdikləri dəstəyin perspektivinin olduğunu və Ukraynanın ehtiyacı olduğu müddətdə bu dəstəyi verməyə hazır olduqlarını bildirib. “Dəstəyimizin məqsədi sülhə xidmətdir. Yəni biz Ukraynanı “sülh masasının yaradıcısı” etməliyik. Bir çox qorxaqların dediyi kimi “təslim olmaq” mənasına gəlməyən sülh masası… Bunun üçün isə hərbi dəstək lazımdır. Zelenski bura hamımızın ehtiyac duyduğu ədalətli sülhə aparan yolda öz ideyalarını təqdim etmək üçün gəlib. Biz isə onun izah etdiyi ən təcili ehtiyaclarla bağlı məsələləri dinlədik. Ukrayna lideri ilə Moskvanı bir masa ətrafında oturmağa və etibarlı danışıqlar aparmağa inandıra biləcək beynəlxalq aktyorların cəlb edilməsinin vacibliyi barədə razılaşdıq”, – Baş nazir qeyd edib.
Giorgia Meloni həmçinin, 10-11 iyul 2025-ci il tarixlərində Romada Ukraynanın yenidən qurulması ilə bağlı konfransa ev sahibliyi edəcəklərini də açıqlayıb.
Zelenski isə sözügedən görüşlə bağlı bunları deyib: “Ən yaxın dostlarımıza, Avropa liderlərinə bu müharibəyə ədalətli son qoymaq üçün Ukraynada hazırladığımız “Qələbə Planı”mızın təfərrüatlarını təqdim edirik. Plana, onun təfərrüatlarına diqqət yetirdikləri üçün Giorgia və İtaliya hökumətinə minnətdaram. Görüşümüzü çox yüksək qiymətləndirirəm. Burada biz yeni müdafiə paketinin hazırlanmasını da müzakirə etdik”.
Sfera.az
Follow @7timesaz