ABŞ Prezidenti Donald Tramp bildirib ki, “müəyyən mənada” Ukraynaya “Tomahawk” tipli qanadlı raketlərin verilməsi barədə qərar qəbul edib.
“7Times.az” xəbər verir ki, o, bu barədə bazar ertəsi Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp qeyd edib ki, hələlik raketlərin taleyinə dair bəzi suallara cavab axtarır: “Ukrayna bu raketlərlə nə etməyi planlaşdırır? Onları hara yönəldəcək? Mən bu sualı vermək istəyirəm”, – deyə ABŞ Prezidenti bildirib. O, həmçinin “eskalasiyaya can atmadığını” vurğulayıb və bir daha müharibənin dayandırılmasına çağırıb. Tramp, yekun qərarın nə vaxt veriləcəyini açıqlamayıb.
Qeyd edək ki, bir sıra KİV-lər, o cümlədən ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıblar ki, Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Tramp ilə görüşü zamanı “Tomahawk” raketlərinin mümkün tədarükü məsələsini gündəliyə çıxarıb. Zelenski dolayısı ilə bu xəbəri təsdiqləyərək bildirib ki, ABŞ liderinə Ukraynanın hərbi ehtiyaclarını əks etdirən siyahı təqdim edib.
Hazırda ABŞ Ukraynaya silahı birbaşa şəkildə deyil, NATO ölkələri vasitəsilə çatdırır. Belə ki, Vaşinqton silahı alyans ölkələrinə satır, onlar isə öz növbəsində həmin texnikanı Kiyevə ötürürlər. “Tomahawk” raketlərinin isə hansı üsulla və nə qədər sayda veriləcəyi hələlik bəlli deyil. Hazırda bu raketlər əsasən ABŞ donanmasının sualtı qayıqlarında yerləşdirilən dəniz bazalı modifikasiyalarda istifadə olunur.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin əvvəllər bəyan etmişdi: Ukraynaya “Tomahawk” raketlərinin verilməsi müharibənin gedişini dəyişməyəcək, lakin ABŞ ilə Rusiya arasındakı münasibətlərin “dağıdıcı şəkildə pozulmasına” səbəb olacaq.
AzPolitika
Follow @7timesaz