Manşet

Xaçmazda – 44 günlük Vətən müharibəsi Şəhidi Məmmədov İkram Ehtiram oğlunun mövludu qeyd edilib – Fotolar

Xaçmazda – 44 günlük Vətən müharibəsi Şəhidi Məmmədov İkram Ehtiram oğlunun mövludu qeyd edilib – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 8-də ikinci Qarabağ müharibəsi şəhidi Məmmədov İkram Ehtiram oğlunun doğum gününə həsr olunmuş anım günü tədbiri məzarı yanında qeyd edilib.

Əvvəlcə şəhidin məzarına gül dəstələri düzülüb, ruhuna dualar edilib, torpaqlarımızın azadlığı uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

7Times.az xəbər verir ki, anım tədbirində şəhid ailələri, deputat Sevil Mikayılovanın köməkçisi İradə Musayeva, şəhidin ailə üzvləri, yaxınları, təhsil aldığı Ə.Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin müəllimləri, Nərəcan kənd tam orta məktəbinin şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən İradə Musayeva 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. O, şəhidin valideynlərinə səbir diləyib.

Çıxışlar zamanı şəhid İkram Məmmədovun döyüş yolundan bəhs olunub, çıxış edənlər Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidin valideynlərinə dərin ehtiramlarını bildiriblər.

Şəhidin mövludunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların valideynləri də çıxış edib, onlar şəhidlərin döyüşlərdə göstərdiyi qəhrəmanlığlarından danışıblar, bütün şəhid ailələrinə səbir diləyiblər.
Tədbirin sonunda şəhidin ata ocağında ehsan süfrəsi verilib.

Qeyd edək ki, Məmmədov İkram Ehtiram oğlu 8 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində doğulub.

0, 13 iyul 2020-ci ildə Xaçmaz rayon Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.
Hərbi xidmətə Gəncə şəhərində yerləşən ”N” saylı hərbi hissədə başlayıb. Hərbi andı qəbul etdikdən sonra Qazax rayonunda yerləşən ”N” saylı hərbi hissədə xidmətini davam etdirib.
Vətən müharibəsi başlayanda gənc əsgər olmasına baxmayaraq könüllü olaraq döyüşlərə qatılıb.

İkram Məmmədov oktyabrın 13-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən ən ağır döyüşlərdə bir neçə silahdaşları ilə birgə yanlarında minaatan mərmisi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Sonradan həmin əraziyə nəzarət düşmən tərəfə keçdiyindən ermənilər şəhidlərimizin nəşini torpağa basdırıblar. Məhz bu səbəbdən də düşmən məhv edildikdən sonra İkram və döyüş yoldaşlarının yerini müəyyən etmək mümkün olmayıb! Onlar itkin düşmüş sayılırdı. Nəhayət üç aydan sonra şəhidlərimizin basdırıldığı yer müəyyənləşib. Qəhrəman döyüşçümüzün nəşi torpaqdan çıxarılaraq DNT analizi ilə şəxsiyyəti müəyyənləşdirilib.
İkram şəhid olmasından üç ay sonra 13 yanvar 2021-ci ildə doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Çiləgir kənd qəbiristanlığında dəfn edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədov İkram Ehtiram oğlu (ölümündən sonra) “Vətən uğrunda”, ”İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Doğum günün mübarək, Şəhidim!
Ruhun şad olsun!

Müşfiq Qərib, Xaçmaz
8 iyun, 2024-cü il

7Times.az