Xaçmaz Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclər və respublika fənn olimpiyadasının qalibi olan şagirdlərlə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tələbə adını qazanan gəncləri və olimpiyada qalibi olan şagirdləri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.
Qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev bildirib ki, bu il Xaçmaz rayonunda orta məktəbi bitirən məzunlardan 599 tələbə adını qazanıb, onlardan 30-u 600-dən, 89-u isə 500-dən yuxarı bal toplayıb. Bundan başqa rayon üzrə 11 şagird respublika fənn olimpiyadasının qalibi olub.
Tələbə adını qazanan gənclər və olimpiyada qalibi olan şagirdlər eləcədə onların müəllimləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə və fənn olimpiyadasının qalibi olan şagirdlərə fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim edilib.