Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli Məclisin deputatı Ağalar Vəliyev 27 sentyabr – Anım Günü ərəfəsində şəhid ailələri ilə görüşüb.
Görüşdə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ailələrin sosial qayğıları ilə maraqlanılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli Məclisin deputatı Ağalar Vəliyev, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il sonra ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğunu, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini qeyd ediblər.
Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Silsilə tədbirlər çərçivəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Ağalar Vəliyevin dəstəyi ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar ehsan süfrəsi açılıb. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Ağalar Vəliyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
550 rayon sakininin iştirak etdiyi ehsan süfrəsində Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.






