İdman

“1000-2000 manata oynamaqdansa…” – 26 yaşında karyerasını bitirən Qurbanlı

“1000-2000 manata oynamaqdansa…” – 26 yaşında karyerasını bitirən Qurbanlıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir azərbaycanlı futbolçu karyerasını erkən bitirib.

Söhbət vaxtı ilə “Neftçi”, “Səbail”, Latviyanın “Dauqavplis”, “Ventspils” və son olaraq Moldovanın “Dinamo-Avto” klubunda çıxış etmiş 26 yaşlı Orxan Qurbanlıdan gedir.

Bu məsələdən sabiq hücumameyilli yarımmüdafiəçinin özüylə söhbətləşərkən agah olduq. Onun Offsideplus.az-a müsahibəsini təqdim edirik:

– Orxan bəy, necəsiz? İşlər necədir?

– Təşəkkür edirəm, hər şey qaydasındadır.

– Karyeranızda nə kimi yeniliklər var? Yerli, ya xarici klublardan təkliflər olur?

– Beş ay olar ki, karyeramı bitirmişəm.

– Bundan indi xəbər tuturam…

– Normaldır. Mən ümumiyyətlə, mətbuatla ünsiyyətdə olmağı çox xoşlamıram.

– 26 yaşınız var. Karyeranızı niyə belə tez bitirdiniz?

– Çəkdiyim əziyyətə dəymirdi. Aldığım məvacib məni qane etmirdi. 1000-2000 manata oynamaqdansa, karyeramı bitirmək variantını seçməyi daha üstün tutdum. Həm də yaxşı iş, şəxsi biznes imkanı olduğu üçün bu addımı atdım.

– “Dinamo-Avto”dan ayrıldıqdan bəri klubsuz idiniz. Bu müddətdə heç bir təklif olmadı?

– Əslində Bakıya qayıtdıqdan sonra olmuşdu. Qış transfer pəncərəsi dövründə “Sumqayıt”dan təklif gəldi. Lakin burda da məvacib məsələsi məni qane etmədi. Təklif etdikləri maaş çox aşağı idi. Buna görə də getmədim. Belə deyim, keçən il Moldova çempionatında 28 oyunda meydana çıxdım. Komandamız avrokuboklara vəsiqə uğrunda mübarizə aparırdı. Demək olar ki, bütün matçlarda da oyuna start “11-lik”də başlayırdım. Lakin həmin dönəmdə heç bir klub mənimlə maraqlanmadı. Bu da məni həvəsdən saldı və düşündüm ki, yolun sonudur.

– Belə başa düşürəm ki, yenidən Premyer Liqaya gətirilən “Turan Tovuz” və ya “Kəpəz”dən də təklif gəlsəydi, maliyyə məsələlərinə görə razı olmayacaqdınız…

– Bəli. Artıq yaş da o yaş deyil ki, futbol eşqinə gedib 1000 manata görə Gəncə və ya Tovuzda qalasan. Həm də gərək yaxşı futbolçu olasan ki, oynayasan. Nə yalan deyim, artıq heç futbola da baxmıram. Ümumiyyətlə, maraqlanmıram yəni.

– Komanda yoldaşlarınız, futbolçu dostlarınız karyeranı erkən bitirməyin barədə nə söylədilər?

– Bunu komanda yoldaşlarıma deyəndə şoka düşmüşdülər, inanmırdılar. Ancaq onlara bildirdim ki, çəkdiyim əziyyətə dəymir. Yaxşısı karyeramı bitirməkdir.

– Bəs hazırda nə işlə məşğulsunuz? 

– Şəxsi biznesim var. Diqqətimi ora yönəltmişəm. Əslində istəsəydim, yenidən gedib xaricdə oynaya bilərdim. Lakin son vaxtlar ailədən kənarda qalmaq mənə çətin gəlirdi. Ona görə də gərək maliyyə yaxşı ola ki, hər şeyi gözə alıb gedəsən.

– Yeri gəlmişkən, Moldova təmsilçisi ilə aranda maliyyə problemi yaşanmış, FİFA-ya şikayət etmişdiniz. Qalan pulu tam ödədilər?

– Bəli, bu problem həllini tapıb. “Dinamo-Avto” rəhbərliyi mənə ödəməli olduğu 10 aylıq əmək haqqının yalnız ilk 3 ayının ödənişini həyata keçirmişdi. Qalan 7 ayın ödənişinin icrasından boyun qaçırmışdı. FİFA-ya şikayətdən sonra bu məsələyə baxıldı və qalan ayların da pulu ödəndi.

– Gələcəkdə məşqçilik kurslarına yazılmaq fikriniz var?

– Belə bir niyyətim var, ancaq Azərbaycanda yox, xarici ölkələrin birində.

– Niyə sırf xaricdə?

– Qismət olsa, fiziki hazırlıq üzrə məşqçilik kurslarına qatılmaq istəyirəm. Onların kursu ayrı olur. Azərbaycanda belə bir şey yoxdur. Ölkə futboluna nəzər salsaz, görərsiz ki, bütün klubların fiziki hazırlıq üzrə məşqçiləri əcnəbilərdir.

– Qeyd etdiniz ki, ölkəmizdə bu sahə inkişaf etməyib. Xaricdə bu işin sirrlərinə yiyələndikdən sonra qayıdıb Azərbaycanda işləmək istərdiniz?

– Açığı, hələ ki məndə bu haqda fikir formalaşmayıb. Hazırda bütün diqqətimi şəxsi biznesimə yönəltmişəm. Nəyin necə olacağını zaman göstərəcək…

QEYD: Orxan Qurbanlı ölkəmizdə “Neftçi” və “Səbail” kimi klubların formasını geyinib.