2021-ci ilin əvvəlindən indiyənə qədər Azərbaycanda 50-59 yaşlı insanlardan 842, 60 və daha yuxarı yaşda olanlardan isə 500 kişi ailə həyatı qurub. Müvafiq dövrdə ərə gedən xanımlara nəzər yetirsək görərik ki, 554 nəfəri 50-59 yaşlarında, 155 isə 60 və daha yuxarı yaşda olanlardır.
Halbuki yaşlı inanların ailə həyatı qurması əvvələr bir o qədər də müsbət qarşılanmadı. Hətta övladları qarşı çıxırdılar. Övladları həyatı yoldaşını itirən valideynlərinin izdivacına mane olurdular.
Maraqlıdır, yaşlı insanlar arasında nikaha girənlərin sayının artması nə ilə bağlıdır? Övladlar həyat yoldaşını itirən valideynlərin qayğısını çəkməkdən yorulublar, yoxsa ahıllar “heç zaman gec deyil” prinsipi ilə hərəkət edirlər?
Sosioloq Əhməd Qəşəmoğlu Yenisabah.az-a açıqlamasında deyib ki, 30-40 il bundan öncə insanların ailə stereotipləri barədə aydın təsəvvür var idi:
“Başqa ölkələrdə olduğu kimi Azərbaycanda da son 10 ildə ailə institunda böyük dəyişikliklər baş verib. 30-40 il bundan öncəyə qədər insanların ailə stereotipləri barədə aydın təsəvvürü var idi. Hamı bilirdi ki, bu ailədir, ailənin də konkret vəzifələri var. Kişinin və ya qadının burada ayrı-ayrı vəzifələri var.
O vaxtlar ailələrin dağılmasına, qurulmasına çox güclü bir təsir var idi. İnsanlar ictimai rəyə, ətrafdakıların sözünə üstünlük veirirdilər. “Elin sözü”, “el nə deyər” prinsipi ilə hərəkət edirdilər. Bu fikirlər geniş yayılmışdı. Eyni zamanda da bir tərəfdən də din təsir göstərirdi. Baxmayaraq ki, sovet dönəmində din indiki kimi sərbəst deyildi. İnsanların dinə qarşı münasibəti həin dövürdə müsbət idi. Hamı həqiqi şəriətin dedikləri ilə oturub, durmağa və tələblərini yerinə yetirməyə çalışırdılar. Amma indi hər şey dağılıb”.
Sosioloqun sözlərinə görə, əvvəllər 40 yaşından yuxarı valideynlər özünü ancaq övladlarına həsr edirdilərsə, indi isə öz həyatlarını daha çox düşünürlər:
“İnsanların ailə barədə təsəvvürləri dağınıqdı. Gənclər də təsəvvür edə bilmir ki, ailə əslinə qalsa, nədir, onların öhdəsinə nə düşür. Eyni zamanda müəyyən yaş kateqoriyasından olan insanlar da gündə televiziyaları, sosial şəbəkələri izləyirlər. Görürlər ki, cəmiyyət, mühit dəyişib. Bu da insanların davranışına təsir edir. Ümumiyyətlə insanın davranışına təsir edən 4 mühim amil var. Birincisi insanın öz xisləti, daxilindəli psixoloji durumudur. İkincisi mühitdir, üçüncü aldığı informasiyalardır. Dördüncü də üstünlük verdiyi dəyərlərdir.
Mühit elə olur ki, insanda mənfi xüsusiyyət olanda onu bloklaya da bilər, əksinə onu inkişaf da etdirə bilər. Mühitin insanın öz daxilindən gələn xarakterləri inkişaf da etdirə də, bloklaya da bilər. Dah sonra həmin yaş kateqoriyasından olan insanların aldığı informasiyalar, ətrafdakılar haqqında məlumatlar da təsir edir. Tez-tez eşidirlər ki, başqası ailə həyatı qurub. Düşünür o qurub, mən niyə qura bilmirəm. Bununla yanaşı insanlar bir az öz şəxsi həyatına diqqəti artırmağın vacib olduğunu hesab edirlər. Qabaqlar 40 yaşından yuxarı valideynlər özünü ancaq övladlarına həsr edirdilər. İndi isə övladdan başqa öz həyatlarının da olduğunu anlayırlar”.
Ə.Qəşəmoğlu Azərbaycan ailələrində qeyri-adi bir gərginliyin olduğunu qeyd edib:
“Ailələrin dağılması sürətlənib. Əvvəllər belə deyildi. İndi 100 nikaha 35 boşanma düşürsə, bundan iki qat daha artığı da evdə vuruşurlar. Azərbaycan ailələrində indi qeyri-adi bir gərginlik var. Tarixdə heç vaxt Azərbaycan ailəsində indiki kimi gərginlik olmayıb. Boşanmlar xeyli çoxalıb. 70 yaşında olanların da boşanma statistikası var. Boşanandan sonra da insan istəyir ki, normal həyatını davam etdirsin. Bu səbəbdən də ailə həyatı qururlar.
Bu hallar cəmiyyətin get-gedə mürəkkəbləşərək məzmununu, xarakterini dəyişməsi ilə bağlıdır. Bununla yanaşı ailə barədə təsəvvürlərimizin olmaması və Azərbaycanda ailə institutu ilə bağlı vacib, lazımi işlərin görülməməsi ilə bağlıdır. Bizim konkret ailə platformamız, təsəvvürlərimiz olmalıdır. Bu sahə boşdur. Ona görə, bu kimi proseslər hələ də davam edəcək”.