Bir müddət əvvəl Laçın sərhəd-keçid məntəqəsində saxlanılan 3 nəfər erməni futbolçu sərbəst buraxılıb.
7Times.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında bildirilib.
Məlumata görə, Azərbaycan tərəfi bu gün saat 15:30-da erməni gəncləri Həkəri körpüsü üzərində Ermənistana təhvil verib.
Xatırladaq ki, erməni futbolçular barəsində Azərbaycan Respublikasının Dövlət bayrağı ilə təhqiredici hərəkətlər etmələri faktına görə Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi açılmışdı,
Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Ermənistan Respublikasının vətəndaşları – 2001-ci il təvəllüdlü Alen Sarqsyan, 2003-cü il təvəllüdlü Vahe Hovsepyan və Levon Qriqoryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduqları yer istintaqa məlum olmadığına görə barələrində beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Keçirilmiş axtarış tədbirləri nəticəsində avqustun 28-də qeyd olunan şəxslər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildirib.
Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.
Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bügünədək “Youtube” və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə, Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi)- maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.
İnzibati həbs cəzasının icrasından sonra həmin şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunub.
Modern.az
Follow @7timesaz