Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclası keçiriləcək.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatına digər üzv dövlətlərin xarici işlər nazirləri iştirak edəcəklər.
Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb.
Məqsədi davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsidir.
Azərbaycan 1992-ci ildə təşkilata üzv olub.
İƏT-in 9-cu və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilib, Bakı Bəyannamələri qəbul edilib.
Follow @7timesaz