Baş nazir Nikol Paşinyan çox güman ki, Tavuş vilayətindəki 4 kəndin Azərbaycana ən qısa zamanda verilməsi prosesini həyata keçirəcək.
7Times.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti hakim “Mülki müqavilə” partiyasının deputatlarına istinadən yazıb.
“Onlar bunu Paşinyanın “dar çərçivədə” söylədiyi fikirlərdən başa düşüblər. İki ay əvvəl Təhlükəsizlik Şurasının iclaslarının birində Paşinyan yaxın vaxtlarda 4 kəndi Azərbaycana verəcəklərinə işarə edib”, – qəzet qeyd edib.
Məlumatda bildirilib ki, Paşinyanın Tavuş rayonunun sakinlərilə son görüşdə “kəndləri verməsək, müharibə olacaq” təhdidi də ərazilərin qısa zamanda təhvil veriləcəyinə hesablanıb.
“Hraparak” yazır ki, dünən səhər Tavuş rayonuna iki polis avtobusu göndərilib. Bunun önləyici tədbir olduğu qeyd edilib. Çünki bir gün əvvəl kəndlərin verilməsinə etiraz edən Tavuş rayonunun bir qrup sakini aksiya keçirəcəklərini və yolu bağlayacaqlarını bildirmişdilər.
Nəşrin məlumatına görə, Paşinyan qorxu mühiti yaratmaq və itaətsizlərin cəzalandırılacağını açıq şəkildə bildirmək üçün daxili işlər naziri Vahe Qazaryanı da özü ilə birlikdə Tavuş sakinləri ilə görüşə aparmışdı.
Xatırladaq ki, rəsmi Bakı Ermənistandan işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) dərhal mübahisəsiz azad edilməsini istəyir.
Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə Tavuş rayonunda yerli sakinlərlə görüşdə sözügedən kəndlərin Azərbaycana təhvil veriləcəyinə işarə edib.
Qeyd edək ki, hazırda Qazax rayonunun erməni işğalı altında 7 kəndi var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı.
Həmin kəndlərdən 3-ü eksklav kəndlərdir (Yuxarı Əskipara, Sofulu, Barxudarlı).
Modern.az
Follow @7timesaz