Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid etdiyini bildirib.
7Times.az xəbər verir ki, bunu Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla mayın 10-da Almatıda keçiriləcək görüşü barədə danışarkən deyib.
“Biz inanırıq ki, Almatıda danışıqlar zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə qeyd etmək imkanı olacaq”, – Mirzoyan Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə keçirdiyi mətbuat konfransında deyib.
O, həmçinin danışıqların “irəli addım” olacağına, “hər iki tərəfin öz öhdəliklərinə sadiq qalacağına”, işçi qrupların Ermənistan və Azərbaycan üçün vacib olan məsələlərin təfərrüatlarını müzakirə etməyə davam edəcəyinə ümidli olduğunu söyləyib.
Mirzoyan onu da qeyd edib ki, Ermənistan Almatıdakı danışıqlarda Azərbaycanla iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etməyi gözləyir.
“Hər iki ölkənin marağı ən mühüm mövzular arasında Almatı müqaviləsi çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanıması məsələsini müzakirə etməkdir”.
Ararat Mirzoyan bildirib ki, Ermənistan Almatı danışıqlarında regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması məsələsində Azərbaycanla nizamlanmanı müzakirə etmək niyyətindədi
“Biz nəqliyyat infrastrukturunu blokadadan azad etmək istərdik, amma hələlik ümumi razılıq yoxdur. Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan yolları və ticarət marşrutlarını açmaqdır”, – deyə Mirzoyan vurğulayıb
Onun sözlərinə görə, ikitərəfli komissiyalar sərhədlərin delimitasiyası ilə bağlı detalların müzakirəsini davam etdirir.
Follow @7timesaz