Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) ABŞ-nin PKK/YPG terror təşkilatını silahlandırmasına münasibət bildirib.
7Times.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk bu gün keçirdiyi həftəlik brifinqdə danışıb.
O bildirib ki, Türkiyə Silahlı Qüvvələri prosesləri yaxından izləyir: “ABŞ regiondakı bazalarının havadan müdafiəsini təmin etmək məqsədilə əraziyə “Avenger Stinger” havadan müdafiə sistemləri göndərib. Müttəfiqimiz ABŞ-dən gözləntimiz İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatı PKK/YPG-yə verdiyi bütün dəstəyi dayandırmasıdır. Gözləntimiz odur ki, ABŞ bir terror təşkilatı ilə əməkdaşlıqla başqa birinə qarşı mübarizə aparılmasının doğru olmadığını anlasın və terrorla mübarizəmizə səmimi dəstək versin”.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin Suriyadakı PKK qruplaşmasına hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri göndərməsinə dair məlumatlar yayılmışdı.
Follow @7timesaz