Laos Xalq Demokratik Respublikasına səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladovun Laosun Baş nazirinin müavini, xarici işlər naziri Saleumxay Kommasiz ilə görüşüb.
Bu barədə 7Times.az-a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Laosun Mina və Partlamamış Hərbi Sursat Təhlükəsinə Qarşı Mübarizə üzrə Milli Tənzimləmə Qurumunun direktoru vəzifəsini icra edən Bounfenq Sisavats ilə görüş keçirib. Görüşdə Laosun Partlamamış Hərbi Sursatlar üzrə Milli Proqramının nümayəndələri də iştirak edib.
Qeyd edilib ki, Laos uzun illərdir partlamamış hərbi sursatlar təhlükəsi ilə üzləşən ölkələr sırasındadır və görüşlərin keçirildiyi hər iki təşkilat əsasən partlamamış hərbi sursatların təmizlənməsi üzrə zəngin təcrübəyə malikdir. Görüşlərdə bu sahədə də qarşılıqlı təcrübə mübadiləsi və əldə edilən nailiyyətlərin öyrənilməsinin əhəmiyyətinə toxunulub.
“Görüşlərin məqsədi mina və partlamamış hərbi sursatların təhlükəsi ilə mübarizə istiqamətində beynəlxalq səylərin, qabaqcıl təcrübələrin araşdırılması, birgə təlim imkanlarının dəyərləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birbaşa və sıx əlaqələrin yaradılmasından ibarət olub. Görüşlər zamanı Azərbaycan nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərin partlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcud problemin aradan qaldırılması istiqamətində icra edilən genişmiqyaslı minatəmizləmə fəaliyyəti barədə məlumat verib. Beynəlxalq resursların cəlb olunmasının önəmi və tərəfdaşlığın əhəmiyyəti, eləcə də mina və partlamamış hərbi sursatların təhlükəsi ilə mübarizə istiqamətində təlim və təcrübə mübadiləsinin vacibliyi bildirilib”, – deyə məlumatda qeyd olunub.
Follow @7timesaz