Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinə qarşı təzyiqləri gücləndirmək məqsədilə yeni sanksiyalar paketinin hazırlanması üzərində işləyir. Bu barədə Aİ Komissiyasının sədri Ursula fon der Leyen Albaniyada keçirilən Avropa liderlərinin toplantısında açıqlama verib.
Fon der Leyenin sözlərinə görə, yeni sanksiyalar paketində Rusiyanın “gizli donanması”na aid daha çox gəmi sanksiya siyahısına daxil ediləcək. Həmçinin Rusiya neftinin qiymət tavanı hazırkı 60 dollar/barel səviyyəsindən aşağı salınacaq. Paketə əlavə olaraq, Rusiyanın maliyyə sektoruna da yeni məhdudiyyətlər tətbiq ediləcəyi planlaşdırılır.
“Putin sülh istəmir, buna görə təzyiqləri artırmalıyıq və bu səbəbdən yeni sanksiyalar üzərində işləyirik,” – deyə fon der Leyen vurğulayıb.
Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib. Həmin vaxt Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderləri ilə birlikdə Albaniyada olub.
Toplantıda iştirak edən Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderləri Rusiyanın danışıqlardakı mövqeyini “qəbuledilməz” adlandırıblar. Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, liderlər məsələni müzakirə edib və ABŞ Prezidenti Donald Trampla telefon əlaqəsi saxlayıblar.
“Rusiya mövqeyi açıq-aşkar qəbuledilməzdir və bu, ilk dəfə deyil,” – deyə Starmer qeyd edib.
Polşa Baş naziri Donald Tusk sosial şəbəkə X-də yazıb: “Rusiya nümayəndələri İstanbulda danışıqları faktiki olaraq dayandırıb və atəşkəsdən imtina ediblər.”
Fransa Prezidenti Emmanuel Makron isə bildirib ki, Rusiya prezidenti ABŞ tərəfindən irəli sürülmüş və həm Ukrayna, həm də Avropa ölkələrinin dəstəklədiyi “şərtsiz atəşkəs” təklifinə cavab verməkdən imtina edib.
“Atəşkəsdən və dialoqdan imtina etməklə Rusiya göstərir ki, sülh istəmir, sadəcə müharibəni uzatmaq üçün vaxt qazanmağa çalışır,” – deyə Makron X-də paylaşım edib.
“The Economist” jurnalının müxbiri Oliver Kərroll diplomatik mənbəyə istinadən bildirib ki, Rusiya yalnız Ukraynanın Zaporoje, Luqansk, Donetsk və Xerson vilayətlərindən qoşunlarını çıxarması halında atəşkəsə razılaşacağını bəyan edib. Lakin həmin ərazilərin hamısı hazırda Rusiya nəzarətində deyil. Mənbəyə görə, Moskva əlavə olaraq Sumı və Xarkov bölgələrini də ələ keçirməklə hədələyib.
Bütün bunlar fonunda Avropa İttifaqı və Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdirərək Putinə maksimum təzyiq göstərməyə hazırlaşır. Eyni zamanda, İstanbulda aparılan danışıqlar Kremlin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz qalır. Rusiya tərəfindən irəli sürülən qeyri-realist şərtlər sülh prosesinə ciddi maneə yaradır və münaqişənin yaxın gələcəkdə həll olunmasını sual altına alır.
AzPolitika.info