Vəkillər Kollegiyasının müraciəti əsasında məhkəmə qərarı ilə fəaliyyətinə xitam verilmiş eks vəkil Sevil Balasoltan qızı Hacıyeva barəsində məhkəmə qərarı çıxarılıb.
“7Times.az” xəbər verir ki, 2025-ci il mayın 7-də Xaçmaz Rayon Məhkəməsi Sevil Hacıyevanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq hökm çıxarıb.
Məhkəmə qərarına əsasən, Sevil Hacıyeva Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və barəsində 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Cəzanın icrası müddətində Sevil Hacıyevaya aşağıdakı məhdudiyyətlər tətbiq edilib:
* Hər gün saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək;
* Elektron nəzarət vasitəsi gəzdirmək və onun işlək vəziyyətdə saxlanılmasına xidmət etmək;
* Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək;
* Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək;
* İş və ya təhsil yerini dəyişdirdikdə, bu barədə əvvəlcədən nəzarət orqanına məlumat vermək.
Sevil Hacıyeva cəzasını yaşayış yeri üzrə çəkəcək. Cəzanın icrasına başlanma tarixi onun cəzanın icrasına məsul orqanda qeydiyyata alındığı gündən hesablanacaq.
Cəzanın icrasına nəzarət “Bakı Şəhər Probasiya İdarəsi”nə həvalə edilib.
Follow @7timesaz