NATO rəhbəri Mark Rutte Brüsseldə keçirilən nazirlər toplantısında, Münhen Təhlükəsizlik Konfransı ərəfəsində çıxış edərək Rusiyanın Ukraynadakı hərbi irəliləyiş tempini istehza ilə qiymətləndirib və Avropanın NATO daxilində artan həmrəyliyini vurğulayıb.
Ukraynadakı müharibəyə toxunan NATO rəhbəri Rusiyanın ciddi itkilər verdiyini deyib və Moskvanın özünü güclü “ayı” kimi təqdim etməyə çalışdığını qeyd edib. Bununla belə, o əlavə edib ki, Rusiyanın Ukraynadakı irəliləyişi “bağ ilbizi sürəti” ilə gedir və bu səbəbdən Rusiya təbliğatına aldanmamağa çağırıb.
Bundan əlavə, NATO daxilində Ukrayna ilə bağlı qiymətləndirmələrə görə, yaxın bir il ərzində Ukrayna müdafiə xəttinin tam çöküşü ehtimalı az sayılır. Alyans rəsmilərinin fikrincə, qarşıdakı aylarda müharibə daha çox resursların tükəndirilməsi formatında davam edəcək. Taktiki üstünlük müəyyən dərəcədə Rusiyanın tərəfində qalsa da, onun əldə etdiyi irəliləyişlərin əvvəlki kimi məhdud olacağı proqnozlaşdırılır.


