Sosial

Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR

Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

​Xaçmazda 17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində baş verən qanunsuzluq və özbaşınalıq iddialarının rezonansı günü-gündən artır. Baş verən hadisələr fonunda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati sektorunun müdiri, eyni zamanda sertifikasiyada imtahan rəhbəri olan Fikrət Heybətov və bu işdə əlaqəli fəaliyyətdə olduğu iddia edilən bir neçə nəfər işdən azad edilsə də, narazılıq dalğası hələ də səngiməyib.

​“7Times.az”-ın əldə etdiyi məlumata görə, hazırda bu məsələ Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsi tərəfindən araşdırılır.

Artıq müxtəlif faktlarla əlaqədar olaraq bir neçə şəxsin izahatının alındığı bildirilir.

​Bu barədə “7Times.az” olaraq 30 iyun tarixində təqdim etdiyimiz ilk video reportajdan sonra, məsələdə adı hallanan Quba rayonunun Zizik kənd tam orta məktəbinin laborantı Ayna Həmidova, həmin məktəbin yeni təyin edilmiş direktoru Vəfa Paşayeva, həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə sektorunun sürücüsü Sahil Qocayev idarə müdiri Coşqun Əliyev tərəfindən işdən azad edilib. Ondan bir neçə gün sonra isə idarənin inzibati sektorunun müdiri və imtahan rəhbəri Fikrət Heybətov da vəzifəsindən kənarlaşdırılıb.

​Araşdırmalarımız nəticəsində onlarla şəxsin bu imtahanlarda nəticələrinin öncədən razılaşdırılmış formada saxtalaşdırıldığı iddia olunur.

Belə şəxslərdən birinin də Quba rayonu Aşağı Xuc məktəbinin fiziki tərbiyə müəllimi Yunis Oruc oğlu Vəliyev olduğu bildirilir. O, imtahandan 42 bal toplayıb. İddialara əsasən, bu nəticə 5800 manat vəsait qarşılığında öncədən razılaşdırılıb və imtahan zamanı sualların bəzilərinin düzgün cavabları nəzarətçilər vasitəsilə ona ötürülüb. Faktla əlaqədar olaraq Yunis Vəliyev ilə əlaqə saxlayıb münasibətini öyrəndik. O, “7Times.az”-a açıqlamasında iddiaların əsassız olduğunu və hətta bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə izahat verdiyini bildirdi.
​Qeyd edək ki, Yunis Vəliyev hazırda həmin məktəbin direktor səlahiyyətlərini icra edir.


​Sertifikasiya imtahanında nəticələrinin öncədən razılaşdırıldığı iddia edilən növbəti şəxs isə Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktor səlahiyyətlərini icra edən Xalidşah Qədəşovdur. Onun da imtahanda keçid balı ilə təmin edilməsinin eyni mexanizmlə baş tutduğu — yəni imtahanın gedişi zamanı bəzi sualların düzgün cavablarının nəzarətçilər tərəfindən ona ötürüldüyü iddia olunur.


​Xaçmazda keçirilən sertifikasiya imtahanlarının nəticələrinin saxtalaşdırılması prosesində adı ən çox hallanan şəxslərdən birinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Emin Əlyarov olduğu bildirilir. İddialara görə, o, imtahanların başlamasından bir müddət əvvəl məktəb direktorlarına müraciət edərək, bu imtahanda kim keçid balı və yaxud uğurlu nəticə (51 baldan yuxarı) istəyirsə, köməklik göstərə biləcəyini təklif edib.

​Məsələ ilə əlaqədar olaraq adı çəkilən Emin Əlyarovla əlaqə saxlayıb münasibətini öyrəndik. O, “7Times.az”-a verdiyi açıqlamada bu iddiaların tamamilə əsassız olduğunu qeyd etdi.

​Əlimizdə rəsmi video-görüntü və ya birbaşa maddi sübutlar olmasa da, apardığımız araşdırmalara və əldə etdiyimiz məlumatlara əsasən, Xaçmazda 17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində onlarla şəxsin keçid balı və 51 baldan yuxarı uğurlu nəticə alması üçün imtahan gedişatına kənar müdaxilələrin edildiyi güman edilir.

Əldə etdiyimiz məlumatlara görə bu imtahanda adı siyahıda olmayan bir neçə şəxs imtahana nəzarətçi kimi salınıb.