Ölkə

Spiker Pan-Afrika Parlamenti ilə memorandum imzaladı

Spiker Pan-Afrika Parlamenti ilə memorandum imzaladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə 7Times.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, imzalanma sentyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarovanın Azərbaycanda səfərdə olan Pan- Afrika Parlamentinin Prezidenti Fatih Boutbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı baş tutub.

Sənədi Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova və Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq imzalayıblar. Spiker Sahibə Qafarova bu sənədin iki parlament platforması arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm addım olduğunu diqqətə çatdırıb.

Cari ilin iyul ayında Cənubi Afrikada Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransı çərçivəsində qonaqla keçirdiyi görüşü xatırladan Milli Məclisin sədri həmin tədbirin yüksək səviyyədə təşkilinə və oraya dəvətə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Pan-Afrika Parlamenti Afrika qitəsində parlamentlərarası dialoqun təşviqində, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində və ümumi inkişaf məqsədlərinin irəli aparılmasında mühüm rol oynayır.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanın Milli Məclisi Afrika ölkələrinin parlamentləri ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Bu baxımdan, parlament diplomatiyasının inkişafı, parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi, siyasi dialoqun möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Spiker bundan sonra Pan-Afrika Parlamentinin Afrika dövlətlərinin parlamentləri ilə əlaqələrin inkişaf etdirilməsi üçün daha bir uğurlu platforma olacağına əminliyini ifadə edib.

Qonağın Pan-Afrika Parlamentini təmsil etməklə yanaşı, eyni zamanda Əlcəzair parlamentinin üzvü olduğunu bildirən spiker Sahibə Qafarova iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə məmnunluq hissi doğurduğunu qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq bu vəzifəyə seçiləndən sonra Afrika hüdudlarından kənarda səfər etdiyi ilk ölkənin Azərbaycan olduğunu vurğulayıb. Parlament diplomatiyasının artan rolundan danışan qonaq, rəhbərlik etdiyi təşkilatın ölkələrin parlamentləri, həmçinin beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Bu səfərin əməkdaşlıq üçün irəliyə atılmış mühüm bir addım olduğunu deyən Fatih Boutbiq, Pan-Afrika Parlamenti ilə QHPŞ arasında bu gün imzalanacaq Memorandumun iki parlament təsisatı arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə və gələcək fəaliyyət üçün möhkəm zəmin yaradılmasına xidmət edəcəyini deyib.

Söhbət zamanı Pan-Afrika Parlamenti ilə Azərbaycannın Milli Məclisi, habelə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.