Ölkə

Ağsaqqallar Şurasının məktəbdə geyim qaydaları ilə bağlı bəyanatı

Ağsaqqallar Şurasının məktəbdə geyim qaydaları ilə bağlı bəyanatıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ağsaqqallar Şurası ümumtəhsil məktəblərində şagird və müəllimlərin geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsinə, dini qarşıdurma predmetinə çevrilməsinə və ictimai narazılıq yaratmaq məqsədilə istifadə olunmasına etiraz edib.

7Times.az xəbər verir ki, bu barədə Aağsaqqallar Şursının çoxsaylı üzvləri dından bəyanat yayılıb.

“Son günlər ümumtəhsil məktəblərində şagirdlərin və müəllimlərin geyim qaydaları ilə bağlı aparılan müzakirələrin müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə siyasiləşdirilməsi, dini qarşıdurma predmetinə çevrilməsi və cəmiyyətdə narazılıq yaratmaq üçün istifadə olunması ciddi narahatlıq doğurur. Azərbaycan Ağsaqqallar Şurası olaraq, həssas ictimai məsələlərdən sui-istifadə edərək insanları qarşıdurmaya sövq edən, milli həmrəyliyimizə xələl gətirməyə çalışan, təxribatçı çağırışlarla ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyirik. Xüsusilə xarici informasiya resurslarında ölkəmizin daxili məsələlərinin təhrif olunması, dini hisslər üzərindən manipulyasiyaların aparılması, vətəndaşların mitinq və etirazlara təhrik edilməsi yolverilməzdir. Dövlətçiliyimizə, milli birliyimizə və ictimai həmrəyliyimizə qarşı təxribatlara son qoyulmalıdır!
Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfəri, bərpa olunmuş ərazi bütövlüyümüzü və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsini həzm edə bilməyən, ölkəmizin güclənməsini istəməyən qüvvələrin cəmiyyətimizdə parçalanma yaratmağa yönələn cəhdlərinə qarşı xüsusilə ayıq-sayıq olmalıyıq. Heç bir xarici təsir və ya təxribat xalqımızın birliyini, dövlətimizin müstəqilliyini və sabitliyini hədəfə almaq üçün bəhanəyə çevrilməməlidir. Azərbaycan hüquqi dövlətdir. Qanun pozuntularına qarşı müvafiq dövlət qurumları öz səlahiyyətləri daxilində qanuni tədbirlər görəcəklər.

Azərbaycan Konstitusiyasında təsbit olunmuş dünyəvilik prinsipi dövlətçiliyimizin mühüm əsaslarından biridir. Dünyəvilik dini dəyərlərin inkarı deyil, dövlətin dinlərə münasibətdə hüquqi əsaslarla fəaliyyət göstərməsi, bütün dini etiqadlara hörmət və təhsil sisteminin elmi bilik, azad düşüncə və bərabər hüquqlar üzərində qurulması deməkdir. Xalqımızın İslam dini ilə bağlı zəngin mənəvi irsi, başqa dinlərə və inanclara göstərdiyi ehtiram, müxtəlif təriqətlərin nümayəndələrinin ölkəmizdə dinc yanaşı yaşaması milli kimliyimizin və birgəyaşayış mədəniyyətimizin mühüm xüsusiyyətlərindəndir. Ulu Öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər zaman  bütün dini və İslami dəyərləri uca tutmuşlar. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Ümummilli Lider Heydər Əliyev ilk növbədə ağsaqqallarla görüşmüş, onların iştirakı ilə Bibiheybət məscidində olmuş və bu məscidin bərpası üçün göstəriş vermişdir. 2 il ərzində tam bərpa olunan məscidin açılışı olmuş, qurbanlar kəsilmiş və bu müqqəddəs məkan insanların ixtiyarına verilmişdir. 1000 ildən çox yaşı olan, ötən əsrin 18-ci ilində ermənilər tərəfindən yandırılan Şamaxı Cümə məscidi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə tam bərpa edildi və dövlət başçısı öz ailəsi ilə bu məscidin açılışında iştirak etdi. 44 günlük Vətən müharibəsində böyük Qələbəyə imza atan Müzəffər Ali Baş Komandanımızın birbaşa göstərişi ilə Ağdam və Şuşa məscidləri də tam bərpa edilmişdir. Həmçinin 2012-2014-cü illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycanın və Cənubi Qafqazın ən böyük məscid kompleksi olan Heydər məscidi tikilərək ictimaiyyətin istifadəsinə verilib, Təzəpir məscidində isə geniş təmir-bərpa və yenidənqurma işləri aparılıb. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İmam Hüseyn məscidi və bir çox müqəddəs məkanlar bərpa edilmişdir. Hazırda dövlət başçısının rəhbərliyi ilə ölkəmizin hər bir bölgəsində, eləcə də işğaldan azad edilmiş ərazilərdə yeni məscidlər inşa olunur, tarixi məscidlər bərpa edilir. Bütün bunlar İslam dininə və milli-mənəvi dəyərlərimizə göstərilən ehtiramın ifadəsidir.

Qafqaz Müsəlmanları İdarəsi də Azərbaycanda və Qafqaz regionunda müsəlmanların ali dini mərkəzi kimi fəaliyyətini uğurla davam etdirir, bir çox əhəmiyyətli tədbirlər, görüşlər keçirir. Bu ilin sentyabr ayında Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünü buna misal göstərə bilərik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu beynəlxalq tədbirin iştirakçıları ilə görüşərək səmərəli söhbətlər aparmış, həmişə olduğu kimi öz diqqət və qayğısını nümayiş etdirmişdir.

1554512

Azərbaycan Ağsaqqallar Şurası olaraq, biz Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində geyim qaydalarına dair qərarlarının qanunvericiliyə uyğun tətbiqini dəstəkləyirik. Unutmayaq ki, məktəb yalnız bilik və bacarıqların aşılandığı yer deyil, eyni zamanda, şəxsiyyətin formalaşdığı, vətəndaşlıq məsuliyyətinin, intizamın, qarşılıqlı ehtiramın və milli-mənəvi dəyərlərin inkişaf etdiyi müqəddəs bir məkandır. Bu baxımdan, ümumtəhsil məktəblərində müəyyən edilmiş geyim qaydalarının qanunvericiliyə uyğun, ardıcıl, şəffaf və hamıya bərabər tətbiqini vacib hesab edirik. Həmin qaydaların həyata keçirilməsi zamanı uşaqların ləyaqətinin qorunması, valideynlərin narahatlıqlarına həssas yanaşılması, müəllimlərin və məktəb rəhbərliklərinin məsuliyyətli davranması da xüsusi əhəmiyyət daşıyır. Biz hesab edirik ki, dövlətçiliklə dini-mənəvi dəyərlər arasında qarşıdurma yaratmaq qəbuledilməzdir. Bütün həmvətənlərimizi, xüsusilə valideynləri, müəllimləri, ziyalıları və gəncləri təmkinli olmağa, təxribatlara uymamağa, yoxlanılmamış məlumatları yaymamağa, milli maraqlarımızı və ictimai həmrəyliyimizi hər şeydən üstün tutmağa çağırırıq.

Azərbaycan xalqının çoxəsrlik tarixində ağsaqqallıq müdrikliyin, mənəvi bütövlüyün, el birliyinin və dövlətə sədaqətin rəmzi olub. Ağsaqqal sözü hər zaman insanları qarşıdurmaya deyil, anlaşmaya, ayrılığa deyil, birliyə, emosiyalara deyil, təmkinə və sağlam düşüncəyə səsləyib. Azərbaycan Ağsaqqallar Şurası olaraq biz daim dövlətimizin,  xalqımızın yanında olmuşuq bu gün də yanındayıq. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Bu gün də biz ağsaqqallar hər kəsi ayıq-sayıq olmağa, heç bir təxribata uymamağa, dövlətimizin müstəqilliyini, xalqımızın birliyini və milli həmrəyliyimizi qorumağa dəvət edirik. Əminik ki, müdriklik, birlik və dövlətçilik təfəkkürü xalqımızı bütün sınaqlardan uğurla çıxaracaqdır. Birliyimiz dövlətimizin gücü, müdrikliyimiz gələcəyimizin təminatıdır!

Uca Allah möhtərəm Prezidentimizi, müdrik xalqımızı, qüdrətli dövlətimizi, əbədi  birliyimizi və həmrəyliyimizi qorusun!”,-deyə bəyanatda deyilir.