2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 18,7 milyard manat ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur.
7Times.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov komitənin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, gələn il dövlət büdcəsi xərclərinin 44,2 faizi sosialyönümlü olacaq. Komitə sədri bu göstəricilərin dövlətin sosial siyasətinin daha da gücləndiriləcəyini göstərdiyini vurğulayıb.
Azər Əmiraslanov qeyd edib ki, 2027-ci ilin büdcə gəlirləri 39,2 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır. Həm gəlirlər, həm də xərclər üzrə cari ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 1,7 faiz artım nəzərdə tutulur.
“Hazırkı mərhələdə büdcə üçün önəmli olan kəmiyyət deyil, keyfiyyət dəyişikliyidir”, – komitə sədri bildirib.
O, dünya bazarında neftin qiymətinin yüksək olmasının arxayınçılıq və əsassız əlavə xərcləmə gözləntiləri yaratmamalı olduğunu da vurğulayıb:
“65 dollar hazırkı bazar qiymətinin proqnozu deyil, ehtiyatlı fiskal baza qiymətidir”.
Komitə sədrinin sözlərinə görə, gələn il büdcə gəlirlərinin 60 faizdən çoxunun qeyri-neft gəlirləri hesabına formalaşması, cari xərclərin 90,1 faizinin qeyri-neft-qaz gəlirləri ilə qarşılanması gözlənilir. Dövlət Neft Fondundan büdcəyə transfertin isə 935 milyon manat azaldılması nəzərdə tutulur.
Follow @7timesaz


