Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəyində gəlir və xərclərin uçotunda bir sıra uyğunsuzluqlar müəyyən edib, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi üçün 35 tövsiyə verib.
7Times.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, əvvəlki rəylərdə qaldırılan məsələlərin əksəriyyəti təqdim olunmuş “büdcə zərfi”ndə tam və ya qismən nəzərə alınıb. Rəyin hazırlanması zamanı müvafiq dövlət orqanları ilə aparılan müzakirələr əsasında sənədlərə düzəlişlər edilib.
Vüqar Gülməmmədov qeyd edib ki, son iki ayda Maliyyə Nazirliyi ilə intensiv müzakirələr aparılıb, nəticədə “büdcə zərfi”nə dəqiqləşdirmələr və əlavələr olunub. Əvvəlki rəylərdə və yeni rəyin hazırlanması zamanı qaldırılmış məsələlərin bir hissəsinin aradan qaldırılması barədə 24 halda məlumat verilib.
Cari xərclərin artımına limit təklif olunur
Palata sədri büdcə sənədləşməsindəki yenilikləri müsbət qiymətləndirib. Bildirib ki, izahata ilk dəfə gəlirlər üzrə ortamüddətli hədəflər əlavə edilib, fiskal risklərin təsiri və başvermə ehtimalı qiymətləndirilib.
Bununla yanaşı, büdcə üzrə keyfiyyət göstəricilərinin, təqdim edilən məlumatların çeşidinin və keyfiyyətinin artırılmasına ehtiyac olduğu vurğulanıb. Bu məqsədlə “Büdcə sistemi haqqında” Qanunun 12-ci və 16-cı maddələrinə dəyişikliklər təklif edilib.
Vüqar Gülməmmədovun sözlərinə görə, 2027-ci ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz proqnozlaşdırılır. Bu, 2026-cı ilin göstəricisindən 1,7 faiz bəndi aşağıdır.
“Hesab edirik ki, qeyri-neft baza kəsiri qaydasının yanına bir lövbər kimi cari xərclərin artım tempinin limiti əlavə edilə bilər”, – o bildirib.
Palatanın hesablamalarına əsasən, dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi üzrə ortamüddətli hədəfə də riayət olunacağı gözlənilir.
Büdcə gəlirlərinin artımı əsasən vergilər hesabına təmin ediləcək
Çıxışda qeyd olunub ki, 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat proqnozlaşdırılır. Gəlir mənbələrindən 15-i üzrə artım, dördü üzrə azalma nəzərdə tutulub, bir mənbə isə hüquqi aktların tələblərinə uyğun olaraq ləğv edilib.
Gəlirlərin artımı Dövlət Neft Fondundan transfertin azaldılması şəraitində əsasən vergi daxilolmaları hesabına təmin ediləcək. Vergi gəlirlərinin təxminən yarısının dolayı vergilərdən formalaşması gözlənilir.
Palata sədri ortamüddətli dövrün sonuna cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına tam qarşılanması hədəfini müsbət qiymətləndirib. Bununla yanaşı, cari xərclər və qeyri-neft gəlirləri anlayışlarının hüquqi əsaslarına yenidən baxılmasının zəruriliyini vurğulayıb.
O, nümunə kimi bəzi məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən büdcəyə yığılan 98 milyon manatın neft-qaz gəlirlərinə aid edilməsini göstərib. Bildirib ki, qanunda bu kateqoriyaya SOCAR-ın ödədiyi vergilər daxil edilsə də, sözügedən yığım vergi ödənişi deyil.
Gömrükdə hər 100 manat daxilolmaya 3,73 manat xərc gözlənilir
2027-ci ildə Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə 6 milyard 868 milyon manat daxilolma nəzərdə tutulur. İdxalın həcminin isə 32,2 milyard manata yüksələcəyi proqnozlaşdırılır.
Vüqar Gülməmmədov bildirib ki, gömrük xətti ilə büdcə gəlirləri 2025-ci ildə 3,5 faiz kəsirlə icra olunub. 2026-cı ilin doqquz ayında isə illik proqnozun 72,5 faizi yerinə yetirilib.
Gələn il gömrükdə hər 100 manat daxilolmanın təmin edilməsi üçün 3,73 manat inzibati xərc çəkilməsi gözlənilir. Palata sədri bunun beynəlxalq qiymətləndirmələrdə orta effektivlik göstəricisi sayıldığını qeyd edib.
Gömrük güzəştləri və azadolmalarının illik məbləğinin təxminən 3 milyard manat səviyyəsində olmaqla artım meyli göstərdiyi də diqqətə çatdırılıb.
Bundan başqa, layihədə gömrük rüsumları üzrə göstərilən 1 milyard 867 milyon manatın 30 milyon manatının əslində gömrük yığımlarına aid olduğu bildirilib. Palata bu təsnifatın dəqiqləşdirilməsini məqsədəuyğun hesab edir.
İri kommersiya obyektləri əmlak vergisindən kənarda qalıb
Palata sədri əmlak vergisi ilə bağlı auditin nəticələrini də açıqlayıb. Bildirib ki, hüquqi şəxslərə məxsus iri kommersiya obyektlərinin vergi uçotunda əsas vəsait kimi göstərilmədiyi və əmlak vergisinə cəlb olunmadığı müəyyən edilib.
Onun sözlərinə görə, bu hallar əsasən daşınmaz əmlakların istismara buraxılması ilə bağlı sənədləşmənin yubadılmasından qaynaqlanır. Audit nəticələri həmin vergi növü üzrə əlavə gəlir potensialının olduğunu göstərir.
2027-ci ildə əmlak vergisi üzrə daxilolmaların ÜDM-ə nisbətinin 0,3 faiz olacağı proqnozlaşdırılır.
315,8 milyon manatlıq cərimə ödənişli xidmət gəliri kimi göstərilib
Vüqar Gülməmmədov dövlət müəssisələrindən dividend daxilolmalarının artımla proqnozlaşdırıldığını bildirib. Gələn il SOCAR-dan 434 milyon manat, Azərbaycan Beynəlxalq Bankından 175 milyon manat, ilk dəfə dividend ödəməsi nəzərdə tutulan digər müəssisələrdən isə 263 milyon manat daxilolma gözlənilir.
Bununla yanaşı, layihədə dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə göstərilən 872 milyon manatın 10,3 milyon manatının publik hüquqi şəxslərə aid olduğu qeyd edilib.
Büdcə təşkilatlarının büdcədənkənar gəlirləri isə 949 milyon manat proqnozlaşdırılır. Bu gəlirlərin büdcə gəlirlərindəki payının 2,4 faiz olacağı gözlənilir.
Palata sədri bildirib ki, layihədə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 652 milyon manat göstərilsə də, bunun 315,8 milyon manatı inzibati cərimələr üzrə proqnozlaşdırılıb. Bu uyğunsuzluqların büdcə müzakirələri zamanı müvafiq maddələrə redaktə dəyişiklikləri edilməklə aradan qaldırıla biləcəyi vurğulanıb.
Subsidiyaların planlaşdırılmasında vahid yanaşma tələb olunur
Çıxışda 2027-ci ildə iqtisadi fəaliyyət üzrə xərclərin dövlət büdcəsində ən yüksək paya malik olacağı bildirilib. Bu artım həm iqtisadi dəstək tədbirlərinə ayrılan vəsaitin yüksəlməsi, həm də məqsədli büdcə fondlarının ləğvi ilə bağlı uçot dəyişiklikləri ilə əlaqələndirilib.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan vəsait investisiya xərclərində, xarici kreditlər hesabına həyata keçirilən layihələr isə ayrıca inzibati istiqamət üzrə göstərilib.
Palata sədri bloklanmış xərclərin artımla proqnozlaşdırıldığını, bəzi istiqamətlər üzrə bölgünün əvvəlcədən aparılmasının mümkün olduğunu qeyd edib. Büdcədənkənar xərclərin isə azalacağı və onların böyük hissəsinin əməyin ödənişinə yönəldiləcəyi gözlənilir.
2027-ci ildə 30 istiqamət üzrə ayrıca subsidiya sətri ilə ümumilikdə 1 milyard 328,7 milyon manat ayrılması nəzərdə tutulur. Vüqar Gülməmmədov subsidiya məbləğlərinin planlaşdırılmasında vahid yanaşmanın vacibliyini vurğulayıb.
Hesabatlılıqda aşkarlanan uyğunsuzluqlar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verildiyi də bildirilib.
Özəlləşdirmədən ödənilməyən borc 79,6 milyon manatdır
Palata sədri gələn il büdcə kəsirinin maliyyələşdirilməsində əsasən borclanmaya üstünlük veriləcəyini bildirib.
Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 140 milyon manat daxilolma nəzərdə tutulur. Bu, cari ilin proqnozundan 15 milyon manat və ya 12 faiz çoxdur.
2026-cı ilin doqquz ayında özəlləşdirmədən büdcəyə 122,1 milyon manat daxil olub və illik proqnozun 97,7 faizi yerinə yetirilib.
Vüqar Gülməmmədov qeyd edib ki, cari ilin ilk altı ayında özəlləşdirmə üzrə hesablanmış, lakin büdcəyə ödənilməmiş borcun qalığı 7 milyon manat azalaraq 79,6 milyon manat təşkil edib.
Sonda Hesablama Palatasının rəyində göstərilən məqamlar nəzərə alınmaqla 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılmasının tövsiyə olunduğu bildirilib.
Follow @7timesaz


