Siyasət

Ramin Quluzadə İSESKO-nun Baş direktoru ilə görüşdü – FOTOLAR

Ramin Quluzadə İSESKO-nun Baş direktoru ilə görüşdü – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

7times.az xəbər verir ki, R.Quluzadə Prezident İlham Əliyevin rəhbərliyilə torpaqlarımızın işğaldan azad edilməsi ilə bölgədə sülhün təmin edildiyini bildirib. O, işğaldan azad olunmuş ərazilərdə dağıdılan infrastrukturun yenidən qurulacağını və bərpa ediləcəyini vurğulayıb. Qeyd edib ki, tarixi şəhərimiz Şuşaya birinci dərəcəli yolun çəkilişi üzrə işlər artıq başlayıb. Xankəndinə aparan dəmir yolunun bərpası ilə bağlı işlər də gedir. Nazir Ramin Quluzadə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə infrastrukturun sıfırdan qurulacağını və əhalinin sıx yaşayacağı ərazilərdə “Ağıllı şəhər” layihələrinin tətbiq edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

“Torpaqlarımızın işğaldan azad olunması bölgənin inkişafı üçün yeni imkanlar yaradır və innovasiyalar sahəsində də regional əməkdaşlığı inkişaf etdirir” – deyə Ramin Quluzadə qeyd edib.

Hazırda innovasiyaların bütün dünyanın diqqət mərkəzində olduğunu deyən nazir Azərbaycanda da innovasiya ekosisteminin inkişaf etdirilməsinin başlıca prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini vurğulayıb.

Ramin Quluzadə əlavə edib ki, ölkəmizdə “Ağıllı şəhər” həllərinin tətbiqi genişlənir. Bu fəaliyyət açıq hökumət təşəbbüslərindən biridir və 2020-2022-ci illər üçün Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.

Öz növbəsində İSESKO-nun Baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Vətən müharibəsində qazandığımız qələbə münasibəti ilə xalqımızı bir daha təbrik edib. Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etdiyini deyən Baş direktor vəziyyətlə yerində tanış olduğunu bildirib.

“Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik. Orada yaşanan faciəni gözlərimizlə gördük. Şəhərlər tamamilə dağıdılıb, heç bir ölçüyə sığmayan vandalizm aktı törədilib”, – deyə Səlim bin Məhəmməd Əl-Malik vurğulayıb.

Görüş zamanı Azərbaycan – İSESKO əlaqələri, əməkdaşlığın vəziyyəti, elm, informasiya, kommunikasiya və innovasiyalar sahəsində həyata keçiriləcək birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.

Nazirlik tərəfindən mütəmadi təşkil olunan “InnoWeek – İnnovasiyalar həftəsi” çərçivəsində 2021-ci ildə İSESKO ilə birgə tədbirin keçirilməsi, “Falcon Summit 2021”də yerli və xarici ölkələrin innovativ layihə və startapların beynəlxalq investorlara təqdim olunması məsələləri də müzakirə olunub.

Həmçinin Startap mübadilə proqramlarının aparılması və iki tərəf arasında müştərək müəssisələrin yaradılması imkanları, Azərbaycanın İKT sektoruna İSESKO tərəfindən investisiya qoyuluşu və startapların vençur maliyyələşmə yolu ilə kommersiyalaşdırılmasına dəstək barədə fikir mübadiləsi aparılıb.

İSESKO çərçivəsində İslam ölkələrində təhsil və İT layihələrinin dəstəklənməsi məqsədilə birgə Vençur fondların yaradılması ilə bağlı danışıqlar aparılıb.