“Erməni lobbisinin maliyələşdirdiyi amerikalı konqresmenlər fəallaşıblar. Görünür, Azərbaycanın müharibədə qələbə qazanması onların da yuxusuna haram qatıb”.
7times.az-ın məlumatına görə, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Amerika Senatının beynəlxalq əlaqələr komitəsinin sədri Robert Memendes yeni dövlət katibini Entoni Blinkini ermənilərin gələcək taleyi ilə bağlı sual yağışına tutub:
“1. ABŞ Cənubi Qafqazdakı etnik erməniləri Azərbaycanın və Türkiyənin hücumlarından necə qoruya bilər?
2. ABŞ Minsk Qrupunda ermənilər maraqları naminə hansı işlər görə bilər?
3. Amerika təhlükəsizlik sahəsində Azərbaycana yardımı davam etdirməlidirmi?”.
Politoloq deyib ki, Entoni Blinkin ermənipərəst konqresmenin suallarına onun eşitmək istədiyi cavabları verib.
“Bu o demək deyil ki, yeni dövlət katibi Robert Menendesin istəklərini yerinə yetirəcək. Blinkin dövlət katibi postunda ilk gündən Senatın beynəlxalq əlaqələr komitəsinin sədri ilə münasibətlərini korlamaq istəmir. Blinkin dövlət katibi kimi Amerikanın maraqlarını düşünməlidir. Amerikanın maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığın davamını diqtə edir.
Bu arada, ikinci ermənipərəst konqresmen Adam Şifrin də “hərəkətə” keçib və Konqresin Dağlıq Qarabağın “müstəqilliyini” tanımağa çağırıb. Şifrin Türkiyənin bölgədəki rolunun azaldılması gərəkliyini də sözlərinə əlavə edib.
Bu ermənipərəst konqresmenləri anladıq, üzərinə düşən işləri görürlər. Bəs bu illər ərzində ABŞ Konqresində bircə dənə də olsun konqresmenlə əlaqə qura bilmədik ki, o da Menendes kimi yeni dövlət katibinə bu sualları versin: “1. Amerika Avropaya qaz nəql edən və strateji müttəfiqimiz İsrailin dostu olan dünyəvi müsəlman ölkəsi Azərbaycana dəstəyini hansı şəkildə artıra bilər; 2. Rusiyanın nəzatində olan Ermənistandan fərqli olaraq Azərbaycanla təhlükəsizlik sahəsində yardımları artıra bilərikmi?””.
Follow @7timesaz