Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sosial mediada paylaşdığı status müzakirələrə səbəb olub.
7times.az xəbər verir ki, T.Zülfüqarov hələ SSRİ süquta uğrayana qədər Türkiyənin baş naziri Məsud Yılmazın Azərbaycanın müstəqilliyinin tanınması haqqında rəsmi nota göndərdiyini qeyd edib.
O bildirib ki, Yılmaz etnik həmşin idi və erməni dilinin dialekti onun üçün doğma idi.
Tofiq Zülfüqarov bu paylaşımına verilən reaksiyalardan sonra məsələni belə aydınlaşdırıb:
“Niyə ermənilər öz təbliğatlarında bu mövzudan heç vaxt istifadə etmədilər? Axı onlar “dünya erməni irsi” mövzusunu yerli mətbuatlarının ən populyar istiqamətinə çevirib və bunu xarici mətbuatda yayırlar! Niyə belə “əlverişli” mövzu haqqında məqsədyönlü şəkildə susurlar?
Cavab sadədir – bu mövzu dünyagörüşlərinin əsasını təşkil edən antitürkçülüyü rəhbər tutan hakim “seqakronizm” ideologiyasına ziddir. Bu səbəbdən həmşinin Türkiyənin rəhbəri olması, yaxud digər mühüm hökumət vəzifələrini tuta bilməsi faktı ermənilərin dünyagörüşü konsepsiyalarını tamamilə məhv edir. Üstəlik, ermənilər bu həqiqətləri özlərinin uydurma “soyqırımı” haqqında təbliğat postulatları ilə, yaxud “bir dövlətdə ermənilərlə türklərin birgə yaşayışının mümkünsüzlüyü” barədə Köçəryanın fərziyyəsi ilə necə uzlaşdırmalıdılar? Bu faktlarla əlaqəli erməni taktikaları olduqca sadə bir şəkildə izah olunur, lakin diplomatik tərzdə “Minsk Qrupunun həmsədr ölkələri” adlandıracağım başqa xarici siyasi elitaların bu kimi faktları görməməzliyə vurması nə deməkdir? Axı, münaqişə tərəflərini “barışdırmağa çalışarkən”, onlar barışığa kömək edən bu cür faktları hər şəkildə təbliğ etməliydilər. Ancaq hər şey tam əksinədir və onlar türk siyasi təcrübəsində mövcud olan bu tolerantlıq faktları barəsində susurlar. Niyə? Onların düşmənçilik toxumlarını səpməyə davam etməkdə səbəbləri nədir?
Cavab sadədir – onlar münaqişədən bölgəni idarə etmək üçün bir vasitə kimi istifadə edirlər və bu səbəbdən barışığa gətirib çıxaran hər şey ən yaxşı halda onlar tərəfindən sadəcə nəzərə alınmır. Buradan belə bir nəticə hasil olur: milli maraqlarımızı təmin etmək üçün münaqişədən qurtulmalı və barışığa aparan hər şeyi təbliğ etməliyik”.
Follow @7timesaz