Siyasət

Münaqişə birtərəfli qaydada həll olunub – Prezident

Münaqişə birtərəfli qaydada həll olunub – Prezidentbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münaqişə bizim tərəfimizdən birtərəfli qaydada həll olunub.

7times.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən deyib.

“Bildiyiniz kimi, münaqişə bizim tərəfimizdən birtərəfli qaydada həll olunub. 44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğala son qoydu. İndi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar. Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi.

Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər. Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarıq. İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki, əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub. Ermənistan bizə minaların xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Çünki, bunu etmək onların borcudur. Lakin müharibənin artıq aylardır bitməsinə baxmayaraq, onlar azərbaycanlılara qarşı bu siyasəti davam etdirirlər. Lakin biz lazım olan hər şeyi edəcəyik. Minatəmizləmə prosesi gedir. Biz artıq yenidənqurma işlərini planlaşdırırıq. Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir və əlbəttə ki, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməsini istəyirik. Sözsüz ki, mən sizi gələcəkdə, biz yenidənqurma prosesinə başlayandan sonra da görməyə şad olardım”, – Prezident bildirib.