Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-ü Azərbaycana səfər edəcək.
7times.az xəbər verir ki, bu barədə “Belta” agentliyi Belarus Prezidentinin Mətbuat xidmətinə istinadən məlumat verib. Qeyd olunub ki, iki günlük səfər proqramı bir sıra qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsini nəzərdə tutur.
İlham Əliyevlə Aleksandr Lukaşenkonun iki görüş keçirəcəyi gözlənilir. Bunlardan biri Belarus liderinin Bakıya gəlişindən dərhal sonra baş tutacaq. Qeyri-rəsmi formatda dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.
Danışıqların rəsmi hissəsinin çərşənbə günü keçirilməsi planlaşdırılır. Prezidentlərin görüşü heyət üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək. Əsas diqqət ticari-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın inkişafına yönəldiləcək. Tərəflər sənaye əməkdaşlığı, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Bununla yanaşı səhiyyə, elmi-texniki, təhsil və turizm kimi aktual sahələrdə əməkdaşlıq da müzakirə olunacaq.
Tərəflər beynəlxalq gündəlikdəki aktual məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.
Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Follow @7timesaz