Siyasət

Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU

Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və ailə üzvləri koronavirusa yoluxub. 20 günlük müalicədən sonra vəziyyəti yaxşılaşan partiya sədri hazırda ev şəraitində müalicəsini davam etdirir.

7times.az xəbər verir ki, bu barədə azpolitika.info-ya partiya sədri özü bildirib.

O qeyd edib ki, ailəni məktəbə gedən nəvəsi yoluxdurub:

Nəvəm məktəbə gedirdi və böyük ehtimalla, bizi Covid-19 infeksiyasına o yoluxdurub. Səhv etmirəmsə, nəvəmin müəlliməsi də xəstə olub. Biz koronavirusa yoluxduqdan sonra təxminən on gün ev şəraitində qaldıq. Sonra vəziyyətimiz ağırlaşdığı üçün Yeni Klinikaya yerləşdirildik”.

S.Cəlaloğlu deyib ki, ailə üzvlərinin hamısının vəziyyəti ağır olub: “Dediyim kimi, bir müddət evdə qaldıqdan sonra səhhətimizdə ağırlaşma müşahidə edildi və Yeni Klinikaya yerləşdirildik. Burada təxminən on günə yaxın yardım aldıq. İndi artıq evdəyik. Hazırda koronavirus infeksiyasının müəyyən qalıqları qalıb. Öskürək qalıb, təngnəfəslik hiss olunur, şəkər qalxır. Qalıq əlamətləri olsa da, tədricən düzəlirik. İndi ev şəraitində bir neçə dərman qəbul edirik. Bir növ sağalmış hesab olunuruq, amma qalıq əlamətləri olduğundan “Vitamin D” daxil olmaqla, bəzi hənblər qəbul edirik. İndi yaxşıyıq”.

Sərdar Cəlaloğlu deyir ki, xəstə olduğu müddətdə özünə qarşı ciddi diqqət hiss edib: “Partiya sədrləri, mətbuat işçiləri, çoxlu sayda insan maraqlandı. Hər birinə təşəkkür edirəm. Eləcə də xəstəxanada yatdığımız zaman çox ciddi qayğı ilə əhatə olunduq, diqqət gördük. Bir neçə dəfə müayinə olunurduq, ən kiçik məsələ olduqda dərhal yardın edilirdi. Mən həm xəstəxanada göstərilən diqqətdən, həm də cəmiyyətimizin nümayiş etdirdiyi münasibətdən kifayət qədər razıyam”.

Özünün həkim olduğunu xatırladan Sərdar Cəlaloğlu qeyd edib ki, karantin tətbiq edilsə də, edilməsə də, maksimum nəticə vermir. O, hesab edir ki, vətəndaşlar şüurlu şəkildə xəstəliyin mahiyyətini aydın dərk etməli, bunun nə dərəcədə təhlükəli olduğu və ağır nəticələrə səbəb olacağını bilməlidirlər: “Açığı, çox adam inanmır ki, bu xəstəlik qısa müddətə insanları öldürə bilər. Bu virus insanın cavan və ya qoca olmasından asılı olmayaraq, onun həyatına son qoya bilər. Məsələn, 37 yaşlı cavan oğlan bu xəstəlikdən vəfat edib. Eləcə də bir 28 yaşlı cavan insan. Xəstəxanada cavan-cavan uşaqlar vardı ki, çox ağır vəziyyətdə idilər. Yəni bu xəstəliyin ancaq yaşlı insanlara təsir edəcəyi haqda fikirlər də yanlışdır. Mənim iki yaşında olan nəvəm koronavirus tutub. Bu baxımdan insanlar bilməlidir ki, yaşın fərqi yoxdur. Sadəcə orqanizmi zəif olan insanlar qısa müddətdə məhv olurlar. Koronavirus bu qədər ciddi xəstəlikdir. Xəstəxanalar doludur, reanimasiyalarda yer yoxdur. Xəstələrin bir qisminin müalicəsi evlərdə aparılır, amma bu zamanda günün tələbləri səviyyəsində olmur. Mən dəqiq faktlara əsaslanıb bu fikirlərimi deyirəm. Yəni vəziyyət çox təhlükəlidir, insanlar özünü qorumalıdır və bilməlidir ki, yoluxduğu təqdirdə ağır nəticələrlə üzləşə bilərlər”.