Ruslarda “ne poyman, ne vor”, yəni “tutulmamısansa oğru deyilsən” deyə bir ifadə var. Bizdə də oğurluq edib tutulanı da var, tutulmayanı da. Məsələn, Hüseynbala Mirələmov məlum video sayəsində “tutulan oğru” oldu…
Ancaq heç kimə sirr deyil ki, bu ölkədə, onun parlamentindən tutmuş bütün digər hakimiyyət qollarına qədər, saysız-hesabsız tutulmayan mirələmovlar var. Özü də bir çox hallarda Mirələmovun “xətasıyla” onların günahlarını və cinayətlərini yan-yana qoysaq, fillə qarışqanın müqayisəsi alınar…
Xüsusilə də hakimiyyətin müxtəlif eşalonlarında, parlamentdə, icra orqanlarında, YAP-da oturub, artıq keçmiş, yıxılmış silahdaşlarını az qala əxlaqsızlıq simvoluna çevirənlər bir dönüb özlərinə və ətraflarına da baxsalar, pis olmaz. Azərbaycanda Mirələmovdan beşbetər də yox, minbetər keyfiyyətsiz nə qədər deputat, məmur, icra başçısı, polis rəisi və s. var və olacaq. Belələri katibəylə, xadiməylə, daha kimlərləsə məlum hoqqalar çıxarmasalar belə, mütləq hansısa başqa bir qələtə qol qoyacaqlar…
Ümumiyyətlə, bir adam eyni vaxtda həm deputat, məmur, həm də şirkət, biznes sahibi, zavod direktoru və s. olursa, onun əlində toplanan kapital, vəzifə imkanları, toxunulmazlıq statusu, əlaqələri, hakimiyyətə çıxış imkanları və s. onu tezliklə harın, əyyaş, qudurğan bir tipə çevirir. Ona görə də, parlamentdə nə qədər biznesmen-deputat, nazirliklərdə, icra strukturlarında nə qədər biznesmen-məmur varsa, aşağı-yuxarı Mirələmovun başqa bir variantlarıdır.
Parlamentin keçmiş və indiki tərkibində olan bəzi şəxslərə diqqət yetirək – Hadı Rəcəbli, Rüfət Quliyev, Cavid Qurbanov, Tahir Süleymanov, Madər Musayev, Ağalar Vəliyev, Cavanşir Feyziyev, Elnur Allahverdiyev, İqbal Məmmədov, Oqtay Əsədov və sadalamadığımız daha kimlər, kimlər. Bu adamlar Mirələmovdan da artıq varidata malikdirlər və bu varidata necə sahibləndikləri heç kimə sirr deyil. Heç vaxt da qanuna məhəl qoymadan, deputat ola-ola bizneslərinin mövcudluğunu gizlətməyiblər.
Özü də Mirələmov hələ bir az abırlısı, toya gedənidir, ən azından səsini çıxarmır, özünə haqq qazandırmağa, ağ yalan danışmağa çalışmır. Məsələn, bir vaxtlar Bakının meri olmuş mərhum Rafael Allahverdiyev rayonların birində bir xanımla “dincələrkən” yaxalananda, çıxıb utanmadan yalandan demişdi ki, həmin xanım onun qızıymış…
Böyük maddi imkanları olan məmur və deputatlar arasında bir sorğu keçirin, görün, məsələn, bu adamlar indiyə qədər orduya, “Yaşat” Fonduna nə qədər pul köçürüblər, ümumiyyətlə köçürüblərmi? Bəziləri bəlkə də köçürüb, lakin inanın ki, əksəriyyəti bunu xalqa, millətə canıyananlıqdan yox, görüntü, rəhbərliyin qəzəbinə gəlməmək, özlərini, bizneslərini qorumaq xatirinə ediblər, bir çoxları isə heç nəyi veclərinə almayıb, heç bir qəpik də köçürməyiblər. Köçürənlərinsə ödədikləri məbləğ onların varidatlarının heç 0.001 faizi də olmayıb. Yəni bu adamların əksəriyyətinin əli Mirələmovun da əlindən əyri, mənəviyyatı onunkundan da yoxsul, cibləri isə onun cibindən də doludur. Hətta deyilənə görə, Mirələmov “əliəyri” olsa da, bunların çoxundan, məsələn elə dostu Hadı Rəcəblidən qat-qat əliaçıq birisidir…
Odur ki, YAP-dan, parlamentdən, hansısa digər hakimiyyət strukturundan, yaxud ali məktəbdən qovulası kifayət qədər mirələmovlar var! Bunların əlindən nələr gəlmir – rüşvət almaq, adam şərləmək, yetimin, əlilin, pensiyaçının haqqını yemək, inhisarçılıq yaradıb kiçik və orta sahibkarın evini yıxmaq, pul alıb kiminsə əleyhinə məhkəmə hökmü çıxarmaq, ölüm ayağında olan xəstəni xəstəxanaya götürmək üçün haqq almaq, ölkəyə keyfiyyətsiz dərman gətirib od qiymətinə satmaq, həbsxanaları bazara, məhkumları sağmal inəyə çevirmək və daha nələr nələr.
Və təəssüf ki, bu cinayətləri nə kimsə lentə almır, nə də həmin əməlləri çaşıb “zoom” proqramının açıq vaxtında törətmirlər… /“AzPolitika.info”
Follow @7timesaz