Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin edilib, dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona tapşırılıb.
7times.az xəbər verir ki, Modern.az saytı Teymur Musayevin rəsmi tərcümeyi-halını təqdim edir.
Dosyedə maraqlı məqam T.Musayevin ilk dəfə orta məktəbə uzaq Əlcəzair ölkəsində getməsidir. Bu da onun valideyninin keçmiş SSRİ-nin Afrika ölkəsindəki konsulluğunda çalışması ilə bağlı olub.
Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.
1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğu nəzdindəki 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi medalla bitirib.
1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna daxil olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb.
2003-2004-cü illərdə Fransanın “Universite Strasburg 1” Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub.
2013-2015-ci illərdə “Riga İnternational School of Business and Economics” və “Riga Stadins University” birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında “Master fo Health Management (business executive)” magistr dərəcəsinə yiyələnib.
1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkimi-uroloq kimi fəaliyyət göstərib.
1997-2001-ci illərdə H.T.P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib.
2001-2003-cü illərdə “Azərbaycan Respublikasının ilk reproduktiv sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb.
2003-2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq, 2006-2015-ci illərdə N.Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb.
2015-2016-cı illərdə “Baku Dobromed Hospital” özəl tibb mərkəzinin tibbi direktoru olub.
2016-2019-cu illərdə “Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb.
2019-2020-ci ilin aprel ayına kimi “Spero Hospital” özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.
2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri,
23 aprel 2021-ci il tarixindən Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, Azərbaycan Respublikası Səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib.
Follow @7timesaz