Hüquqşünas Əlövsət Əliyev: “İndiki halda azərbaycanlılara qarşı bu münasibət normal deyil”
7times.az xəbər verir ki, ötən gün Almaniyadan sığınacaq istəyən 52 Azərbaycan vətəndaşı deportasiya edilib. Xeber.de-nin Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən əldə etdiyi məlumatda deyilir ki, Almaniyadan birbaşa Bakıya 52 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib. Onlar Düsseldorf hava limanından Bakıya nəzərdə tutulan çarter reysi ilə göndəriliblər. Təyyarənin Bakı vaxtı ilə saat 17:00-da Bakıya enməsi nəzərdə tutulsa da, gecikmə olub.
Azərbaycan vətəndaşlarını gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına endikdən sonra, sərnişinlər xüsusi avtobuslarla “Koroğlu” metro stansiyasının yaxınlığındakı idman şəhərciyinə aparılıblar. Burada onlara bildirilib ki, koronavirusla bağlı test götürülüb, nəticəsi müəyyən olunduqdan sonra sərbəst buraxılacaqlar.
Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev “Xeber.de”yə açıqlamasına bildirib ki, göndərilən şəxslər əsasən sığınacaq istəyi rədd edilənlərdir: “Bundan əvvəl Gürcüstana, Əfqanıstana, Suriyaya belə göndərmələr olmuşdu. İndiki halda azərbaycanlılara qarşı bu münasibət normal deyil. Çünki göndərilənlər arasında təhsil alan, işləyən şəxslər olub. Almaniyada doğulan uşaqları da göndəriblər. Həmin şəxslərə Azərbaycanda doğum haqqında şəhadətnamə almaq azı bir il çəkəcək. Çünki onlar Almaniyanın verdiyi doğum haqqında şəhadətnamələrlə göndəriliblər. Onlar Azərbaycanda tanınması üçün leqallaşdırılmayıb. Bunun üçün uşağın doğulduğu şəhərin məhkəməsi leqallaşdırmağa icazə verməlidir. Daha sonra Azərbaycanın konsulluğu həmin sənədi tanımalıdır. Nəhayət bundan sonra həmin uşaqlar doğum haqqında şəhadətnamə ala bilərlər”.
Ə.Əliyev bildirib ki, deportasiya həyata keçirən məmurlar bəzən ailələr haqqında məlumatı dəqiq öyrənmirlər: “Hətta “Duldung”la (möhlət hüququ ilə yaşama) işləyənlər var ki, onlardan birini keçən dəfəki deportasiyada vəkili hava limanından geri qaytarmışdı. 18 aydan çox işləyən şəxsi, “Duldung”la deportasiya edə bilməzlər. Alman hökuməti əcnəbilərə münasibətdə diqqətli olmalıdır. Onların bu formada deportasiyasına şərait yaratmalı deyillər”.
Məlumat üçün bildirək ki, Almaniya qaçqın statusu üçün Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu Avropa ölkələri sırasında gəlir.
Follow @7timesaz