Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.
7times.az xəbər verir ki, 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub.
2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib. Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlamış, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.
2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb.
2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.
2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdi.
Ailəlidir, 3 övladı var.
Follow @7timesaz