Azərbaycan Texniki Universitetinə (AzTU) yeni prorektor təyin olunub.
Universitetdən 7times.az-a verilən məlumata görə, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Professor Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru təyin olunub.
Qeyd edək ki, Prof. Çetin Elmas 1982–1986-cı illərdə Türkiyənin Qazi Universitetində elektrik elektronika mühəndisliyi ixtisası üzrə bakalavr, 1986-1988-ci illərdə magistr, 1990-1991-ci illərdə İngiltərənin Birminhem Universitetində fəlsəfə ixtisası üzrə magistr təhsili alıb. 1991-1993-cü illərdə İngiltərənin Birminhem Universitetində elektrik elektronika mühəndisliyi doktoru elmi dərəcəsi alıb.
Çetin Elmas 1993–1995-ci illərdə Türkiyənin Qazi Universitetində dosent köməkçisi, 1995-2001-ci illərdə dosent vəzifələrini icra edib. 2001-ci ildən indiyə kimi Qazi Universitetinin Texnologiya fakültəsinin Elektrik elektronika mühəndisliyi kafedrasının professorudur.
Layihələrin idarə olunması və süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas Türkiyə Layihə İdarəetmə Assosiasiyası prezidentidir. O, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının layihələrin idarə edilməsində süni intellekt üzrə xüsusi qrupunun qlobal rəhbəridir.
Çetin Elmas, həmçinin İstanbulda Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının 24-cü Dünya Konqresinə sədrlik edib. O, Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidentidir.Çetin Elmas Türkiyədə müxtəlif qurumlarda yüksək vəzifələrdə çalışıb.Çoxsaylı kitab, elmi məqalə, məruzə və patentin müəllifidir.
yenisabah.az
Follow @7timesaz