Manşet

Aksiya keçirən tibb işçiləri ilə bağlı – Rəsmi açıqlama

Aksiya keçirən tibb işçiləri ilə bağlı – Rəsmi açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu 9 saylı köməkçi tibbi yardım stansiyasının işçiləri əlavə maaşlarının verilməməsi iddiası ilə aksiya keçiriblər. Dünən axşam saatlarında keçirilən aksiya ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlama verib.

7times.az-ın məlumatına görə, agentlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən Agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib:

“Ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.

Nümunə ilə izah edək: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Məlumat üçün bildirək ki, xəstəliklə mübarizəyə cəlb olunan tibb işçilərinin sağlamlığının qorunması məqsədilə onlar bütün zəruri fərdi qoruyucu vasitələrlə təmin olunub və Vaksinasiya Strategiyasına uyğun olaraq ilkin mərhələdə bütün tibb heyəti COVID-19 xəstəliyi əleyhinə peyvənd olunub”.

Xatırladaq ki, sözügedən tibb işçiləri həftəsonları da işlədiklərini bildirərək əlavə ödəniş tələbi ilə çıxış ediblər. Onlar eyni zamanda aidiyyati qurumlar tərəfindən fərdi qoruyucu vasitələrlə təmin edilmədiklərini bildiriblər.