Şuşa haqda son günlər yenə çox yazılır. Sanki Şuşa yenidən işğaldan azad olunubmuş kimi xoş ovqat var ölkədə. Şuşa ilə yaşamağı çox gözləmişik o səbəbdən həm də… Şuşa məsələsinə gələcəm, amma bəzi məqamlar var ki, fikrimdə ilişib qalıb və bu duyğusal günlərdə oxucularla bölüşməyi zəruri hesab edirəm.
***
Məncə, Prezident İlham Əliyev 2019-cu ilin ortalarında, bəlkə də martın sonunda Vyanada keçirilən görüşdən sonra Ermənistanın danışıqlar yolu ilə torpaqları qaytarmayacağını özü üçün tam qətiləşdirmişdi. Halbuki 2018-ci ilin son günündə – dekabrın 31-də xalqa Yeni il müraciətində Dağlıq Qarabağ münaqişəsindən danışarkən, 2019-cu ildə bu məsələdə əhəmiyyətli irəliləyişin ola biləcəyinə ümid etdiyini demişdi.
Bu, Qarabağın danışıqlar yolu ilə qaytarılacağına onun üçün son ümid ili idi, yoxsa bunu dilə gətirməzdi…
Vyanadakı nəticəsiz mart görüşdən 3 ay sonra, avqustda Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsi gərginliyi artırdı. Prezident həmin ilin oktyabrında keçirilən MDB dövlət başçılarının Düşənbə sammitində və Valday klubunun təşkil etdiyi toplantıda, eləcə də 2020-ci ilin fevralında Münhendəki debatda Paşinyanın cavabını sərt verdi. İ.Əliyev üçün danışıqlardan “qırılma nöqtəsi” beləcə hər keçən gün yaxınlaşırdı…
***
İlham Əliyevin Qarabağ danışıqlarında, hələ mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə, qeyri-rəsmi iştirakçı olduğuna şübhə yoxdur. Heydər Əliyev danışıqlardan qayıtdıqdan sonra (Robert Köçəryanla 23 görüşü olmuşdu) onu da məlumatlandırdığı, kadrarxası qalan təfərrüatları birgə müzakirə etdikləri bilinən faktlardır. İlham Əliyev 2003-cü ilədək də o danışıqlar haqda ən azı hər iki ölkənin xarici işlər nazirləri qədər bilgili idi…
Qatil Köçəryan kitabında da bu barədə açıq yazıb. Heydər Əliyevlə Ki-Uestdə görüşündə razılaşmaya yaxın olduqlarını, amma İlham Əliyevin bunun əleyhinə çıxdığını qeyd edib. Köçəryan onu da yazıb ki, Əliyevlə Azərbaycan prezidenti kimi ilk görüşündə soruşub ki, həqiqətənmi, Ki-Uest razılaşmasının əleyhinə olub. Köçəryan yazır: “Təsdiqlədi ki, hər şey məhz bu cür olub və o, atasını inandırıb, Heydər Əliyev də söz verib ki, sazişi imzalamayacaq…”
Yəni İlham Əliyev danışıqlardan, Ermənistanın və eləcədə həmsədr ölkələrin tutduğu mövqedən, masada olan hər bir “həll variantlarından” prezident olmazdan əvvəl də yaxşı xəbərdar idi. Paşinyanın həm də o səbəbdən bəxti qara gətirdi ki, Əliyevin daha yalançı vədlərə qulaq asmağa zamanı və səbri qalmamışdı. “Tükənmiş səbr” ifadəsi dövlətə cavabdeh olan şəxslə bəlkə də bir araya sığmır. Amma həqiqət belədir…
Bu korazehinlər danışıqlarda qarşı-qarşıya oturduqları Prezidentin nələrə qadir olduğunu, onun qəzəbinə düçar ola biləcəklərini hesablaya bilmədilər, bunu görməzdən gəldilər |
Biz danışıqların hansı gərgin atmosferdə keçirildiyini təsəvvürümüzə belə gətirə bilmərik. Ermənistanın iki cani prezidenti, torpaqlarımızı işğal etmiş, xalqımızın qanını tökmüş Köçəryan və Sərkisyanla danışıqlar masası arxasına oturmaq, onların həyasız, özlərindən məmnun gülümsəmələrinə baxmaq, Azərbaycana qəbuledilməz şərtlər irəli sürmələrini eşitmək bu illər ərzində Prezident Əliyevə necə toxunmaya, necə əsəblərini tarıma çəkməyə bilərdi ki? Müşahidələrimə görə, İlham Əliyevin o illər ərzində içərisində boğmağa məcbur olduğu qəzəbi hələ də keçməyib
.Onun xüsusilə Köçəryan və Sərkisyan haqda danışında sərt ifadələri, yumruqlarını düyünləməsi illərlə o danışıqlarda hansı hislər keçirdiyini göstərmirmi? Onlar özlərini məğlubedilməz hesab edirdilər, danışıqlarda dirəşirdilər, bizimlə nümayişkaranə hesablaşmırdılar.
Haqqı tapdanmış, torpaqları işğal edilmiş, əhalisi didərgin salınmış Azərbaycanın prezidentinin belə masalardakı bir insan kimi ruhi vəziyyətini başa düşmək çətin deyil…
Əliyev qətiləşdirmişdi ki, bu yalançı, həyasız, alçaq xislətli düşmənlə bir masada oturmağın daha mənası yoxdur! Prezidentin müharibədən az əvvəlki çıxışlarını tapıb oxuyun. O, barışmaz və sərt mövqeyini az qala hər gün ortaya qoyurdu. Bu sadəcə, emosiya deyildi, püskürməyə hazır vulkanın səsləri, xəbərdarlığı idi.
Ermənilər isə axmaq kimi yaxınlaşan təhlükəni hiss etmədilər, Əliyevin səbrini tükətdiklərinin, əsəblərini çeynədiklərinin fərqində ola bilmədilər. İndi Ermənistanda hələ də günahkar axtarırlar: “Niyə müharibə qaçılmaz oldu, niyə…” Səbəb sadədir: bu korazehinlər danışıqlarda qarşı-qarşıya oturduqları prezidentin nələrə qadir ola biləcəyini, onun qəzəbinə düçar ola biləcəklərini hesablaya bilmədilər, bunu görməzdən gəldilər. Məğlubiyyətlərinin əsas səbəbi həm də budur!
***
Daha bir mühüm məsələ də var. Danışıqlarda Şuşanın taleyi demək olar ki, müzakirə mövzusu deyildi. Status, nə bilim, azərbaycanlıların qayıdışından sonra referendum, “Madrid prinsipləri”, “Lavrov planı”, “Kazan həlli”, filan, hamısı içi boş sözlər, vədlər idi. Ermənistan Şuşanı daha 20 il danışıqlar olsaydı da, heç bir şərtlə boşaltmayacaqdı, geri verməyəcəkdi. Əliyevin işğaldan azad Şuşaya ilk səfərində söylədiklərini xatırlayın. Ermənilər danışıqlarda deyirmişlər ki, Şuşada bayrağınız o halda qaldırıla bilər ki, Qarabağa ən yüksək status verilə, Azərbaycan da o şəhərdə nümayəndəlik aça…İndi siz deyin, bu cür həyasızlığa daha nə qədər dözmək olardı ki..?
Prezident bilirdi ki, Şuşa olmadan sülh yolu ilə hansısa torpaqlar qaytarılacaq olsa belə, bunun heç bir mənəvi dəyəri olmayacaq. Üstəlik, Azərbaycan xalqı heç bir halda Şuşasızlığı qəbul etməyəcək. Əliyev bunları hakimiyyət başına gəldiyi ilk gündən də bilirdi, amma yenə Ermənistana nəhayət, son olaraq Paşinyanın simasında bir ağıllı rəhbər gəldiyinə ümidi vardı. Paşinyan əlbəttə ki, ağılsız da deyildi. Özünün də etiraf etdiyi kimi onun üçün “Şuşa boz və darıxdırıcı şəhər idi”. Amma ermənilərin, ümumerməni lobbisinin əsas “silahı idi Şuşa.
***
Bəs, qəti müharibə qərarı? Bəli, İlham Əliyev bu müharibəyə bir neçə il öncədən hazırlaşırdı. Ordu quruculuğu, yeni silahlar və sairə… Amma hər “silah alan ölkə müharibə edəcək” deyə, bir aksioma yox. Bu hazırlıqlı müharibə idi, amma hazır müharibə deyildi. İlham Əliyev bu qərarı yenə şəxsi qənaətimi yazıram- son altı ay aralığında vermiş olmalı. Ermənilər zatən 6 il əvvəl də deyirdilər ki, Azərbaycan müharibəyə hazırlaşır, silah alır, bizi qarşılarına çıxan hamıya şikayət edirdilər. Tovuz istiqamətində gərginlik müharibə ola biləcəyi ehtimalını artırırdı.
Ermənistan ordusunun vəziyyəti, düşmən ölkədəki əhval-ruhiyyə də bərbad idi və bu, Azərbaycanın lehinə olacaqdı. Ermənistan müharibəyə hazır deyildi, amma mümkün müharibədə uduzacaqlarını heç gözləmirdilər də…O səbəbdən bu ildırım sürətli Qələbə planını İlham Əliyev və hərbi komandasının 1- 2 il əvvəldən “sandıqda” saxlaması inandırıcı görünmür…
***
Ermənistan və onun havadarları İlham Əliyevin necə düşmən olduğunu müharibəyədək tam mənasında anlaya bilmədilər. Sadə erməni xalqına yox, bu başkəsənlərə, cocuq qatillərinə, işğalçılara düşmənçiliyi deyirəm…Onlar haqda Prezident Əliyev haqlı olaraq ən qəvi düşməni kimi danışır! Bunlar Əliyevin qatillərə necə düşmən ola biləcəyini hesabdan qaçırdılar. Gördülər, yenə görürlər! Onları məğlub edib, məhv edib, amma əzab verir yenə…
Prezidentin Qarabağa hər bir səfəri onlara dağ çəkir. İlham Əliyev Şuşada tonqal yandırır, Zəngilanda çinar ağacını qucaqlayır, axar çayda əlini yuyur, qurur-yaradır, tükənməz arzularını, diləklərini deyir. Onların indi də belə öldürür, məhv edir, canlarını yandırır! İlham Əliyev kimi düşmən qazanan Ermənistan rəhbərliyi bunun acısını çəkir. Ağıllanmasalar, hələ daha çox çəkəcəklər… (Musavat.com)
Follow @7timesaz