Cəmiyyət

Arəstə Baxışova “Florence Nightingale” medalı ilə təltif olundu

Arəstə Baxışova “Florence Nightingale” medalı ilə təltif olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq “Florence Nightingale” medalına layiq görülənlərin adları açıqlanıb.

7times.az Beynəlxalq Qırmızı Xaç Komitəsinin saytına istinadən xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova da mükafatçılar arasındadır.

Beynəlxalq Tibb Bacıları Günü münasibətilə təltif olunanlar dünyanın 18 ölkəsindən olan 25 tibb bacısıdır.

Onlar silahlı münaqişə və ya təbii fəlakətlər zamanı müstəsna cəsarət nümayiş etdirmiş qadınlardır.

Medalla layiq görülənləri öz ölkələrinin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və ya Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinın yerli qurumları, bu təşkilatların komissiyaları müəyyənləşdiriblər.

Vətən müharibəsinin yeganə şəhid qadını, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri Arəstə Baxışova bu mükafata ölümündən sonra layiq görülüb. Bildirilib ki, A.Baxışova hərbi münaqişə vəziyyətində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə fəal əməkdaşlıq edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer, 1989-cu il təvəllüdlü Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.