Siyasət

DİN polis atasının iddialarına cavab verdi

DİN polis atasının iddialarına cavab verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi polis serjantı Nahid Razimlinin atası Natiq İsmayılovun Sumqayıt şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev barəsindəki iddialarına münasibət bildirib.

7times.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis serjantı Nahid Razimlinin atasının iddiaları əsassızdır, həqiqəti əks etdirmir: “Atanın övladının hansı əmələ görə cəzlandırılmasından məlumatlı olmasına baxmayaraq, əsassız və qərəzli fikirlər səsləndirməsi anlaşılmır.

Natiq İsmayılovun iddialarının bütün təfərrüatları tam və hər hərtərəfli araşdırılıb.

N.Razimlinin xidməti fəaliyyəti yoxlanılan zaman yol verdiyi nöqsanlara görə, ona cari ilin mart ayında “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi elan edilib. Lakin o, xidmətində heç bir dönüş yaratmayıb və tam fəaliyyətsiz olması ilə bağlı barəsində aparılan xidməti araşdırmalar bunu sübuta yetirib.

Bununla əlaqədar ona dəfələrlə iradlar bildirilsədə nəticə çıxarmayıb, əməliyyat-axtarış fəaliyyətində məxfiçilik rejimini pozaraq, ciddi qanun pozuntularına yol verib.

Cari ilin may ayının əvvəlində N.Razimlinin atası Natiq İsmayılov Sumqayıt şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən də qəbul edilməklə övladının yol verdiyi nöqsanlar barədə məlumatlandırılıb.

Polis rəisi ilə yanaşı, digər rəhbər vəzifəli şəxslə birlikdə qəbul edilən vətəndaşdan pul tələb edilməsi isə tamamilə cəfəngiyyat olmaqla yanaşı, faktsız və sübutsuzdur”.

Qeyd edək ki, N.İsmayılov sosial şəbəkələrdə yayılan videomüraciətində bildirib ki, Sumqayıt ŞPŞ-də işləyən oğlu Nahid Razimli keçmiş rəis Nəriman İmanovla yaxın olduğu üçün yeni rəis F.Azadəliyev ona  əsassız olaraq töhmət verib və orqandan xaric ediləcəyini bildirib. İddiaya görə, polis rəisi F.Azadəliyev polis sistemindən qovulmaması üçün N.Razimlidən 9-10 min manat rüşvət tələb edib