Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.
7times.az xəbər verir ki, görüş zamanı nazir post münaqişə mərhələsində azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, minaların təmizlənməsi, üçtərəfli bəyanatların icrası haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı və bölgədə yaranmış yeni vəziyyətin regional əməkdaşlıq üçün açdığı imkanlar vurğulanıb.
Daha sonra, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən Miroslav Yença, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin sülhün möhkəmləndirilməsi üçün növbəti addımların atılmasının əhəmiyyəti, üçtərəfli bəyanatdan irəli gələn məsələlərinin icrasının vacibliyini vurğulayıb.
Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Ceyhun Bayramov Xorvatiya xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ilə görüşüb.
Nazir Qordan Grliç Radman Xorvatiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəklədiyini, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın fəaliyyətinə istinad edərək iqtisadi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. Azərbaycanın Xorvatiyada baş vermiş zəlzələ zamanı göstərdiyi dəstəyə görə təşəkkür ifadə edilib.
Follow @7timesaz