“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqlarını yerinə yetirməkdə davam edir”.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının sentyabrın 13-nə olan fəaliyyəti ilə bağlı məlumat bülletenində bildirilib.
Qeyd olunub ki, iyirmi yeddi müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.
“Rus sülhməramlıları Laçın, Əsgəran (Xocalı) və Mardakert (Ağdərə) rayonlarında üç marşrut boyunca patrul xidməti aparıblar.
Rusiya sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edir. 110 erməni zəvvar Amaras (Xocavənd) və Gəncəsər (Kəlbəcər) monastırlarına müşayiət edildi” – deyə Rusiya MN-in açıqlamasında bildirilib.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin minalardan təmizləmə qrupları obyektləri və ərazini minalardan təmizləməyə davam edir:
“23 noyabr 2020-ci ildən bu yana 2288,25 hektar ərazi, 683 km yol, 1937 bina partlamamış hərbi sursatdan təmizlənib, 25 855 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”.
Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Follow @7timesaz