“Məlum olduğu kimi avqust ayının 8-də İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı və ona nota təqdim edildi. Notada son dövrlər İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olundu. Üstündən artıq yetərincə vaxt keçməsinə baxmayaraq İran Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın notasına cavab verilməyib. Təbii ki, bunu İran XİN-in ləng işləməsi ilə əlaqələndirmək düzgün olmazdı. Çünki biz bu qurumun ciddi marağında olan hadisələrə anında cavab verdiyinin şahidi olmuşuq”.
7times.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov fikir bildirib. O İranın notamıza cavab verməməsinin səbəbini müxtəlif yollarla izah edib:
– İran tərəfi Azərbaycan Xarici İşlər Nazirliyi ilə şifahi cavab vermək haqqında razılığa gəlib.
– İran notada qaldırılan məsələlərin mövcudluğunu bilir və onları təkzib etməyə tutarlı cavab tapa bilməyib.
– İslam Respublikasının diplomatik korpusu sürücülərin yol sənədlərində Azərbaycanın əzəli torpaqlarının Ermənistan ərazisi kimi təqdim etməsinin izahını verə bilməyib.
– İran Azərbaycanın notasına sadəcə cavab verməməməklə məsələni daha da şişirtmək fikrində olmadığını diqqətə çatdırmaq istəyib.
Politoloq əlavə edib ki, İran rəsmilərinin Azərbaycanın onlara verdiyi nota ilə əlaqədar nə düşündüklərindən asılı olmayaraq, diplomatik münasibətlərdə belə hallar heç də xoşagələn və qəbul edilən deyil: “Belə müraciətlərə cavab verməmək qarşı tərəfdən daha ciddi tədbirlərin görülməsini zəruri edir. Gorus-Qafan yolunda Azərbaycan sərhədçiləri tərəfindən İrana məxsus yük maşınlarının saxlanılması və ifşa olunması bəlkə də rəsmi Tehranın bu məsələ ilə əlaqədar Azərbaycanın notasına cavab verməməsindən irəli gəlib”.
Follow @7timesaz