Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start verilib.
Əlahiddə Ümumqoşun Ordudan 7times.az-a verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələrinin, Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin cəlb edildiyi təlimdə ənənəyə uyğun olaraq iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən və eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru hərəkətə başlayıb.
Bayraq taqımları “Ümid” körpüsü üzərinə çatdıqdan sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib və bayraqdəyişmə mərasimi keçirilib.
Mərasimin davamı olaraq “Ümid” körpüsündən keçən Türkiyə Silahlı Qüvvələrinin hərbi kolonu təlim rayonu istiqamətində hərəkət edib və qardaş ölkənin hərbi qulluqçuları Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli şəkildə qarşılanıb.
Follow @7timesaz