“Bu görüşdə Rusiya tərəfi Qarabağ məsələsində güzəştə gedə bilər”.
7times.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında politoloq və Ağ Partiya başqanının birinci müavini Əhəd Məmmədli qeyd edib.
Sabah Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əlaqələr, habelə bir sıra digər beynəlxalq problemləri müzakirə edəcəkləri görüşdən danışan politoloq deyib:.
“Son günlər bəzi, o cümlədən Xocalı, Xocavənd və Ağdərədən erməni hərbçilərin tam çəkilməsi barədə xəbərlər təsdiqini tapmayıb. Fikrimcə, sabahkı görüşdə Ərdoğanla Putin bu məsələlərdə hansısa razılaşmaya nail ola bilərlər. Təbii ki, Putin Türkiyədən hansısa güzəştlər istəyəcək və Türkiyənin də Rusiyaya verə biləcəyi güzəştlərin məkanı Qarabağ deyil, Liviya və Suriya olması mümkündür. Onu da qeyd edim ki, Liviya hazırda diqqət mərkəzində deyil. Ona görə də, bu güzəştlərin əsas mərkəzi olaraq Suriya görünür. Güzəştlər nə ola bilər? Əgər Türkiyə Suriya məsələsində güzəştə gedərsə, Rusiya da Qarabağda hansı güzəştlərə razılaşacaqmı? Güzəştlərdən ən böyüyü YPG/PYD-nin nəzarət etdiyi və ABŞ-ın da mövcudluğunu saxladığı yerlərdə Türkiyənin dəstəyi ilə Rusiya və Əsəd hökümətinin müştərək hərbi əməliyyatlar keçirməsi və bölgənin Əsəd hökümətinin nəzarətinə keçməsi olacaq”.
Politoloqun fikrincə, Türkiyənin YPG/PYD-dən təmizlənməsi müqabilində ərazilərin Əsəd hökümətinə təhvil verməsi qarşılığında Rusiya Qarabağda Türkiyəyə güzəştə gedə bilər. Ən azından yayılan informasiyalarda adı çəkilən ərazilərin – Xocalı, Xocavənd və Ağdərənin Azərbaycanın yuridisiyasına qaytarılması və qanunsuz erməni silahlı qruplaşmalarının tamamilə keçmiş Dağlıq Qarabağ ərazisindən çıxarılması məsələsi həllini tapa bilər. Bu, Azərbaycan üçün də uyğun ssenaridir.”
Əhəd Məmmədli Suriyada silahlı müxalifətin son qalası olan İdlib əyalətində vəziyyətin necə çözüləcəyinə dair fikirlərini də bölüşüb:
“Düzdür, ruslar tam irəli gedərək Türkiyədən İdlibi də istəyə bilərlər. İdlib məsələsi Türkiyə üçün önəmli məsələdir, çünki İdlib sünni ərəblərin Suriyadakı son qalasıdır. Bu son qalanın Əsəd-ələvi qüvvələrinə verilməsi Türkiyənin nəinki Suriyadakı sünni-ərəblərdə, ümumiyyətlə, bütün Ərəb dünyasında nüfuzuna ciddi xələl gətirəcək. Türkiyənin bu məsələdə güzəştə getməsi inandırıcı görünmür”.
Masada Azərbaycan mövzusu üstünlük təşkil edəcək. Türkiyə indi beynəlxalq siyasətdə Azərbaycanın mənafeyini qoruyan yeganə qüvvə olaraq çıxış edir”, – deyə mütəxəssis vurğulayıb.
Ekspertin fikrincə, Azərbaycan son dönəmdə diplomatik həmləyə keçib:
“Bu həmlənin davamı olaraq Ərdoğan-Putin görüşündə də Azərbaycanın xeyrinə müsbət nəticələr görə bilərik. Bizim başqa yolumuz da yoxdur. Üstəlik, prezident də qeyd edib ki, biz Ermənistanla sülh müqaviləsi istəyirik və nə qədər gec deyil, bu müqaviləni imzalamalıdırlar. Əgər ölkəmizə qarşı hər hansı bir təhdid görsək, “dəmir yumruğu” işə salarıq. Hesab edirəm ki, bu, təkcə Ermənistana deyil, həm də Rusiyaya yönəlik xəbərdarlıqdır”, – deyə ekspert fikirlərini tamamlayıb.
Follow @7timesaz