Siyasət

Prezident səfərlərdə xanımının çəkdiyi VİDEOLARDAN DANIŞDI

Prezident səfərlərdə xanımının çəkdiyi VİDEOLARDAN DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, bilirsiniz, elə öz-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq”.

7times.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində jurnalistin azad edilən bölgələrə səfər zamanı görüntülərin birinci xanım Mehriban Əliyeva tərəfindən çəkilməsi ilə bağlı verdiyi suala cavabında deyib.

Dövlət başçısı bildirib ki, ilk dəfə Şuşaya gedəndə Bakıdan səhər çıxıblar: “Çünki o zaman yol çox uzaq idi. Biz Füzulidən Şuşaya Zəfər yolu ilə təqribən 3 saata getmişdik, özü də yollar qarlı idi, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq, hələ qaranlıq idi və hava işıqlandıqca çox gözəl mənzərə yarandı. Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı və məni də çəkdi. Mən də dedim ki, yolumuz Şuşayadır və bundan başladı.

Ondan əvvəl təbii ki, Ağdam və digər rayonlar da var idi. Bu, xüsusi bir təşəbbüsdür. Çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən orada çox rəsmi görüşlər, çıxışlar, mərasimlər və sair olur. Bu isə yeni bir yanaşma idi və bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi.

Bilirsiniz, bu sözləri deyərkən, ilk növbədə, mənim gözlərimin önünə o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən, ilk növbədə, onlar üçün bunu deyirdim. Çünki onlar 30 il həsrət içində idilər və mən gəlmişəm oraya, mən bu evi görürəm, bu binanı görürəm, onlar görmürlər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı! Mən sizi də duyğulandırdım”.